Bu il nikah bağlayanların sayı artıb

Ancaq pandemiyanın yaratdığı ağır iqtisadi durum və psixoloji pozuntular boşanmaların sayını da artırdı


Ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb. Bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclasında deyilib. İclasda bildirilib ki, ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində notariat hərəkətlərinin sayı əvvəlki dövrlə müqayisədə 14 faiz çoxalaraq 2 milyonu ötüb. "Həmçinin birinci yarımildə 128 minə yaxın vətəndaşlıq vəziyyəti aktları, 53.400-dən çox doğum, habelə ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox - 22 minə yaxın nikah dövlət qeydiyyatına alınıb".

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova "Şərq"ə açıqlamasında deyib ki,  pandemiya dövründə nikah saylarının artmasının başlıca səbəbi Azərbaycanda ailələrin yaşı çatan övladlarını evlənməyə məcbur etməsidir:

"Fikir verirsinizsə, pandemiya olsa da bu dövrdə bir çox gənclər pandemiya qaydalarına uyğun olaraq öz aralarında nikah elədilər. Bəlkə də bu, həqiqətən maddi baxımdan zəif olan ailələrə sərf elədi. Yəni belə şəraitdə evlənmək üçün o qədər də artıq xərc tələb olunmurdu. Lakin onu da etiraf edək ki, pandemiya dövründə boşananların sayı da o qədər az olmadı. Təbii ki, bu, statistikada da öz əksini tapıb. Pandemiyanın yaratdığı ağır iqtisadi durum və psixoloji pozuntular boşanmaların sayını artırdı". 

G.Səfərova qeyd edib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur:

"Həmçinin hər il ailədaxili zorakılıq səbəbindən və ya uşaqlarının olmaması səbəbinə görə də boşanma faktı qeydə alınmaqdadır. Bir də onu qeyd edim ki, bir çox insanlar adətən ailəni hansısa bir maddiyyat üzərində qurmağa meyilli olurlar ki, bu da sonda boşanmalara səbəb olur. Ta qədimdən indiyə kimi qayınana-gəlin, baldız-gəlin münasibətləri də boşanmalara öz təsirini göstərib. Düzdür, çox vaxt boşanmaları iqtisadiyyatla əlaqələndirirlər. Amma mən deyərdim ki, iqtisadi problem ən sonda gələn problemdir. O qədər kasıb ailələrimiz olub ki, dağılmayıb. Ailələrin dağılmasında başlıca faktor insanların bir-birini tanınmamasıdır. Bəs bu, nədən irəli gəlir? Çünki bəzən oğlanlar sevdikləri qızlara elə vədlər verirlər ki, sanki göydəki ulduzu da gətirib ayağına qoyacaq. Amma evləndikdən sonra görür ki, bu belə deyil. Yəni müxtəlif səbəblər olur. Pandemiyada nikahların sayının artmasının başlıca səbəbi hesab edirəm ki, kasıb ailələrə maddi baxımdan sərf etməsi olub. Yəni belə evliliklər maddi baxımdan o qədər də xərc tələb etmir".