Turistlərin sevdiyi məkan...

Kənd qonaq evlərinin yaradılması biznesin inkişafına təkan verəcək

"Qonaq evləri maldarlıqla məşğul olmağa imkanı olmayan şəxslər üçün də əlavə şərait yaradır"

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Şəkidə kənd qonaq evlərinin təqdimatını edəcək. Bunu Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. “Bu ilin may ayında biz Dövlət Turizm Agentliyinin (DTA) və digər aidiyyəti qurumların iştirakı ilə “Kəndlərdə sahibkarlığın və özünəməşğulluğun inkişafı layihəsi” çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyektinin və kənd qonaq evinin təqdimatını etmişik. Tezliklə Şəkidə də oxşar layihəni həyata keçirəcəyik. Həmçinin digər turizm bölgələrində də kənd qonaq evləri təqdim ediləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, Türkiyənin Trabzon bölgəsində belə kənd qonaq evləri var. Əvvəllər bu kənd qonaq evləri turistlərin ən çox gəldiyi məkan olub. Lakin 3 il əvvəl məhkəmə mübahisələri üzündən həmin evlər və oradakı obyektlər taleyin ümidinə buraxılıb. Əlverişli təbiətə malik olan Trabzona yenə də minlərlə turist axın edir. Lakin turistlər buranı ziyarət edib şəkil çəkdirdikdən sonra geri qayıdırlar. Çünki həmin ərazidə qalacaqları yer yoxdur. Yerli sakinlər yenidən həmin evlərin istifadəsini istəyirlər. Çünki bu həm yerli əhali, həm də turizmin inkişafı baxımından çox əlverişlidir.

Bəs Azərbaycanda bu layihə özünü doğruldacaqmı? 

Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən iqtisadçı-ekspert Rauf Qarayev qeyd edib ki, bu layihənin biznesin inkişafına təkan verməsi üçün ilk növbədə mövcud vəziyyəti dəyərləndirmək lazımdır. Yəni ilk növbədə həmin bölgədə sahibkarlığa icra hakimiyyəti tərəfindən münasibəti, icra hakimiyyətlərinin sahibkarlarla bağlı qarşılıqlı dəstək əlaqələri dəyərləndirilməlidir:

"Bundan əlavə təhlükəsizlik baxımından yerli mühafizə bölmələrinin və sahibkarlığa dəstək ola biləcək digər qurumların iş prinsipi nəzərdən keçirilməlidir. Yəni yalnız ondan sonra bu layihələrin effektli və effektsiz olmasını bilmək olar. Çünki yuxarıdakı amillər 70-80 faiz iş prinsipinin həlli prosesini müəyyən edə biləcək amillərdi. Artıq sahibkar və ya sahibkarlıqla məşğul olmaq istəyən şəxs tam arxayın olduqdan sonra KOBİA-nın layihəsinə qoşula bilər. Qeyd edim ki, işin uğurlu olması üçün əksər halda yük bu işi başlayanın əlaqələrinin üstünə düşür. Əgər onun əlaqələri, ona mane olan amillərə təsir imkanları varsa, bu halda o, işin effektini azda olsa görə biləcək. Hesab edirəm ki, KOBİA bu işi görməzdən əvvəl yuxarıda sadaladığım amilləri nəzərə almalıdır. Yəni sahibkar və ya sahibkarlığa başlayan şəxs, görəcəyi və gördüyü iş üçün özündə inamı olmalıdır ki, o, rahatlıqla işini görsün".

İqtisadçı qeyd edib ki, kənd qonaq evlərinin oteldən əsas üstün cəhəti onun təbiiliyindədir:

"Türkiyədə də buna bənzər evlər mövcuddur. Trabzonun Akçaabat bölgəsində belə kəndlər 1998-ci ildən fəaliyyətə başlayıb. Turizmin inkişafı baxımından həmin ərazilər olduqca münasibdir. Qeyd edim ki, qonaq evlərinin bir çox üstünlükləri var. Birincisi, şəxs dövlət tərəfindən öz evinin təmiri üçün dəstək alır. Bundan əlavə ona müəyyən lazımi avadanlıqlar verilir ki, orada gəlib qalan qonaq özünü öz evindəki kimi hiss etsin. Bundan əlavə, həmin kəndliyə qonaqları qəbul etmək üçün təlimlər keçirilir. Digər hal evin sakininin ərazini yaxşı tanıması və adət-ənənələrini bilməsi qonağa əlavə məlumatların verilməsində köməklik edir. Digər bir qeyd elə ərazilər var ki, orada otellərin, villaların tikilməsi mümkün deyil. Landşaft buna imkan vermir. Bu baxımdan da həmin ərazidə turistlərin qalması üçün qonaq evləri mövcud olmalıdır. Ən yaxşı qonaq evi isə yerli əhalinin gəlirinin, yəni şəxsin öz evini icarəyə aşağı qiymətlə (otellərə nisbətən aşağa qiymətlə) verməsidir. Bildiyiniz kimi, dağ kəndlərində insanlar əsasən maldarlıqla məşğul olurlar. Bunlar üçün də geniş yaylaqlar lazımdır. Qonaq evləri maldarlıqla məşğul olmağa imkanı olmayan şəxslər üçün də əlavə şərait yaradır. Digər bir amil dağ kəndlərinin infrastrukturu turizm sahəsinə daxildirsə, abadlaşması, qaz, işıq xətlərinin yenilənməsi, yol infrastrukturunun yaxşılaşdırılmasına da təkan verir. Bu baxımdan kənd qonaq evləri həm kəndli, həm də buna dəstək olan dövlət üçün effektli hesab olunur".