“Bolt” “hamam suyu ilə dost tutur”: “Sürücülər qəpiyi də güzəştə getmirlər”

" ”Bolt”, bu sürücüləri xüsusi seçirsiz, siz allah?! Kartla ödənişə ağız əymək nədir? Bəyənmirsiz, gəlməyin də. Elə bil, başına silah dayayıb gətiririk, ya da gedib pulunu vermirik...”.

Bu sözləri jurnalist Semra Əliəkbərli özünün “Facebook” hesabında yazıb:

"Haqq verməmək olmur. Dəfələrlə olub ki, sürücü ödənişin hansı qaydada ödəniləcəyini soruşub. Niyə? Xeyirdimi? Məgər kartdakı pul deyil?!


Nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a açıqlamasında “Bolt”un “hamam suyu ilə dost tutduğunu” dedi:

“Şirkətdə çalışanların əksəriyyəti öz şəxsi avtomobillərindən istifadə edirlər. “Bolt”un reklamları isə bu tendensiyanı daha da gücləndirir və gəncləri daha çox cəlb edir. Şirkət mərkəzləşmiş post-terminal yarada və ya hər avtomobilə fərdi post-terminal quraşdıra bilmir. Üstəgəl, məhz nağd ödəniş nəticəsində vergidən asanlıqla yayına bildiyinə görə kartla ödənişdə maraqlı deyil”.



İ. Hüseynli, həmçinin hər birimizə yaxşı tanış olan məqamı xatırlatdı:

“Sərnişinlərə heç vaxt tam qiymət deyilmir. Həmişə qalığı olur. İstifadəçilər bir qayda olaraq tam məbləğdə ödəniş edirlər. Və “təsadüfən” sürücünün qalığı qaytarmaq üçün qəpiyi çatmır. Yəni sürücülər qəpiyi də güzəştə getmirlər. Beləliklə,  sonunda xeyli “qabağa düşürlər”. Kartla ödənişdə isə belə imkan yoxdur. Ümumiyyətlə, fikrimcə, ölkədəki  taksilər dünyanın bütün yerlərində olduğu kimi taksimetrə ilə işləməlidirlər”.