SOS! Su böhranı “qapıda”:“Tədbirlər görülməsə...”

Bu il Ermənistanda quraqlıq təhlükəsi var. Bunu ekoloq Karina Danielyan bildirib. Danielyan Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın qurumlararası komissiyanın yaradılması haqqında qərarını da məhz bununla izah edib. Paşinyanın qərarı ilə Ermənistanda mümkün quraqlıq və ya su azlığı, onların nəticələrinin aradan qaldırılması və ya azaldılması ilə bağlı koordinasiya işləri üçün qurumlararası komissiya yaradılıb. "Quraqlıq təhlükəsi yalnız bizdə deyil, bütün dünyada var. Lakin təbii-iqlim risklərini nəzərə alsaq biz bu problemə daha çox diqqət ayırmalıyıq. Problem, həqiqətən də, ciddidir", - deyə Danielyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın su anbarlarında olan suyun həcmi narahatlıq doğurur. Su anbalarında suyun az olmasının səbəbi isə müxtəlifdir. Ekoloqun fikrincə, bu, ilk növbədə mövsümün quraq keçməsi ilə bağlıdır: “Bundan əlavə, su anbalarında olan su qanunsuz olaraq istifadə olunur. İnsanlar istifadə olunan suya görə ödəniş etməmək üçün müxtəlif yollara əl atırlar”.

 Kimsəyə sirr deyil ki, təkcə Ermənistanda yox, ümumiyyətlə, Cənubi Qafqazda su qıtlığı var. Gələcəklə bağlı proqnozlar heç də arzuolunan deyil.



“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bu barədə “Sherg.az”a danışdı: 

“Neçə vaxtdır, həyəcan təbili çaldığımız problem yaxınlaşmaqdadır. Əksər ölkələr, hətta su ehtiyatı bol olan Ermənistan belə qabaqlayıcı tədbirlər görməyə çalışır. Beynəlxalq ekoloji tədqiqat mərkəzləri, alimlər uzun illərdir qlobal quraqlıq baş verəcəyini deyirlər. Son illərdə artıq bunun əlamətləri özünün çox ciddi biruzə verir.

Azərbaycan dünyada əhalisinə və ərazisinə görə içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Cənubi Qafqazın ərazisinin yarıya yaxınını təşkil etməyimizə baxmayaraq, içməli su ehtiyatının yalnız 15 faizi bizim payımıza düşür. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir.

Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Göründüyü kimi, biz  Gürcüstana nisbətən daha ağır vəziyyətdəyik. Üstəlik, su ehtiyatımızın 70 faizi ölkə sərhədlərindən kənar mənbələrdə formalaşır. Bu da qlobal quraqlıq və su böhranı zamanı çox ciddi təhlükə qarşısında qalacağımızı deməyə əsas verir. Əlbəttə, müvafiq tədbirlər görülməsə, vəziyyət mürəkkəbləşə bilər. Artıq çox az vaxt qalıb. Kür çayında su kritik həddə azalıb, kiçik çaylar quruyub gedir”.

E.Bayramlı, həmçinin problemləri sadaladı: 

“Uzun illərdir, televiziya və mətbuatda həyəcan təbili çalırdıq, yaxında problem yaranacağını deyirdik. Lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr?!

Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazmı?! Onlar bu işləri görməkdənsə, konkret problemlərin yaranacağını deyən və qabaqlayıcı tədbirlər görülməsinə çağıranları susdurmağa çalışırdılar. İndi cavab versinlər- milyardlarla pul hara, nəyə, necə xərclənib, niyə bu sahədəki problemlər həll olunmayıb?! Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Həmçinin əhali sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır. Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən səmərəli istifadə edilməlidir”.