Azərbaycana qarşı “Oxçuçay terroru”: “Cinayətin qarşısı birdəfəlik alınmalıdır”

Məhərrəm Zülfüqarlı:“Müvafiq qurumlar məsələni beynəlxalq miqyasda qaldırmalıdırlar ”

Akif Nağı: “Türkiyə və İranla birlikdə beynəlxalq təşkilatlara müraciət etməliyik”

Ermənistanın Azərbaycana qarş ekoloji terroru davam edir. Belə ki, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Bu prosesdə xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar var. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb.

Bu ölkənin Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsinin təşkil etdiyi qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları xüsusi diqqət çəkir. Həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəmizin öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması, Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsi kimi məqamlar da məsələyə təsirsiz ötüşmür.


AVCİYA-nın Seçki Qərargahının rəhbəri  Məhərrəm Zülfüqarlı bu barədə “Sherg.az”a açıqlamasında düşmənin hərəkətini qınadı: 

“Sözügedən problem sovet dövründən var. İşğaldan sonra isə kütləvi hal aldı. Müvafiq qurumlar məsələni beynəlxalq miqyasda qaldırmalıdırlar. Cinayətin qarşısı birdəfəlik alınmalıdır. Əks halda, ekoloji terror davam edəcək. Və bundan təkcə Azərbaycan yox, qonşu ölkələr, o cümlədən İran da əziyyət çəkəcək”.



Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da düşünür ki, problemin həlli istiqamətində operativ addımlar atılmalıdır: 

“Bu, regional əhəmiyyətli məsələdir. Ona görə qonşu ölkələrlə, o cümlədən Türkiyə və İranla birlikdə beynəlxalq təşkilatlara müraciət etməliyik. İlk növbədə Ermənistana təzyiq göstərməliyik. Ekoloji terrorda iştirak edən ayrı-ayrı xarici dövlət başçıları ilə  danışa bilərik. Həmçinin beynəlxalq məhkəmələrə baş vurmaq da məqsədəuyğundur”.