Deputat:“Oxçuçayla bağlı BMT və ATƏT-ə müraciət etmək lazımdır”

“Beynəlxalq təşkilatların montirinq qrupu Zəngilana göndərilsin və Oxçuçayla bağlı araşdırma aparılsın”

“Daha sonra isə araşdırmanın nəticələrinə dair tərəflərə məlumat verilməlidir”

Aparılan monitorinqlərə görə, Zəngilan rayonundakı Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb. Çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir.
Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Təbii ki, mövcud durum ermənilərin növbəti ekoloji terrorundan xəbər verir. Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, Azərbaycanın öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması-bütün bunlar ekologiyamıza vurulan ziyanların əsas səbəblərindəndir.

Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev bildirib ki, Ermənistanın Oxçuçayda törətdikləri növbəti ekoloji terrordur:

“Oxçuçaya müxtəlif zibillərin axıdılması işğaldan azad olunan Qarabağ zonasını ciddi fəlakət qarşısında qoyur. Təbii ki, Azərbaycan öz növbəsində bütün addımları atıb, müvafiq beynəlxalq təşkilatları hadisə ilə bağlı məlumatlandırıb. Hətta Almaniyanın Azərbaycandakı səfirliyi baş verənlərlə bağlı açıqlama yayıb ki, alman şirkətləri 2019-cu ildən ölkəmizdə çalışmırlar və öz hissələrini satıblar. Ölkəmiz lazım olan nümayişləri səsləndirsə də, qeyd etdiyimiz ekoloji terrorun qarşısı alınmır. BMT-nin ekologiya ilə bağlı təşkilat və komitələri, dünyada ekoloji terror və çirklənmə ilə məşğul olan hüquq müdafiə təşkilatları və beynəlxalq orqanlar var.

Həmin orqanlara, BMT və ATƏT-ə müraciət etmək lazımdır ki, təcili olaraq monitorinq qrupu göndərilsin. Yəni Azərbaycan birmənalı şəkildə ortaya qoymalıdır ki, mütləq şəkildə beynəlxalq təşkilatların montirinq qrupu Zəngilana göndərilsin və Oxçuçayla bağlı araşdırma aparılsın. Daha sonra isə araşdırmanın nəticələrinə dair tərəflərə məlumat verilməlidir”.

R.Nurullayev qeyd edib ki, Ermənistan müstəqil dövlət deyil, onların sahibi Rusiyadır:

“Rəsmi Moskva Qarabağ məsələsində bütün ağırlığlı üzərinə götürmüşdü və bu gün də sülhməramlı qoşunlarını yerləşdirib. Türkiyə də Qarabağda müəyyən cavabdehlik daşıyır. Bu baxımdan Rusiya və Türkiyənin qarşılıqlı əməkdaşlığı nəticəsində Oxuçuçaya monitorinq qrupu göndərilə bilər. Yaxud da Rusiya və Türkiyənin təzyiqi olarsa, Ermənistan törətdiyi ekoloji terorrun qarşısını almaq üçün hansı tədbirləri görəcəyi barədə açıqlama versin. Məsələni həll etmək iqtidarında deyilsə, o zaman beynəlxalq təşkilatlara müraciət edib çirkənlənmənin qarşısını almaq üçün tədbirlər görülməlidir”.