İqtisadi rayonları yaratmağın əsas məqsədi AÇIQLANDI

Prezident İlham Əliyev Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərman imzalayıb. Bununla bağlı prezident.az məlumat yayıb. 
Fərmana əsasən, Azərbaycan Respublikasının iqtisadi rayonlarının aşağıdakı bölgüsü təsdiq edilib:
1.Bakı iqtisadi rayonu (Bakı şəhəri);
2.Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları);
3.Abşeron–Xızı iqtisadi rayonu (Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları);
4.Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları);
5.Gəncə–Daşkəsən iqtisadi rayonu (Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları);
6.Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları);
7.Qazax–Tovuz iqtisadi rayonu (Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları);
8.Quba–Xaçmaz iqtisadi rayonu (Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları);
9.Lənkəran–Astara iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları);
10.Mərkəzi Aran iqtisadi rayonu (Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları);
11.Mil–Muğan iqtisadi rayonu (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları);
12.Şəki–Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları);
13.Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları);
14.Şirvan–Salyan iqtisadi rayonu (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları).
Qeyd edək ki, ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb, əhalinin rifah halı yüksəlib.
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Yeni Fərmanın əhəmiyyətini “Sherg.az”a sadalayan Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, 44 günlük müharibədən sonra mövcud vəziyyət dəyişib. Bu baxımdan Fərmanın imzalanması ilə bəzi rayonların iqtisadi durumuna nəzər yetiriləcək: 

“Sovet İttifaqı mövcud olan dövrlərdə sovet iqtisadi coğrafiyası var idi. O zamanlar SSRİ iqtisadi rayonlara bölünürdü. SSRİ-nin təsisçisi olan müttəfiq respublikaların özünün də daxilində iqtisadi rayonlaşma gedirdi və Azərbaycanda ənənəvi olaraq 10 iqtisadi rayon formalaşmışdı.

Məlumdur ki, həmin iqtisadi rayonlardan bir neçəsi işğal altında idi. 44 günlük Vətən müharibəsindən sonra rayonlar azad edildi. Bu baxımdan Fərmanın verilməsi zəruridir. Çünki işğal dövründə faktiki olaraq həmin rayonların adı olsa da, özü yox idi.

Ancaq müharibədən sonra yaranan yeni şərait həm də iqtisadi rayonlaşma məsələsinə yenidən baxılmasını zəruri etdi. Prezidentin Fərmanında da əsaslandırılır ki, sosial iqtisadi inkişafla bağlı Azərbaycanda əsaslı dəyişikliklər baş verib. Həmçinin müharibə nəticəsində iqtisadi rayonlaşma ilə bağlı yeni baxışa zərurət yarandığı göstərilir”.

S.Məmmədov vurğulayıb ki, iqtisadi rayonlar inzibati ərazi vahidi hesab olunmur:

“İqtisadi rayonları yaratmağın bir çox məqsədi var. Bu məqsədlərdən biri və ən əsası həmin rayonların spesifik xüsusiyyətlərinə uyğun olaraq iqtisadi inkişafını və dövlət proqramlarımızı qəbul etmək. 

Ənənəvi dövrdən fərqli olaraq Azərbaycanın inzibati ərazi quruluşunda bəzi dəyişikliklər baş verib, yeni rayonlar yaradılıb.

Məsələn, sovet dövründən sonra Hacıqabul rayonu Şirvan şəhərinin, Hacıqabul rayonunun kəndləri isə Salyanın tərkibində idi. Sözügedən Fərmanla isə həmin ərazilərin iqtisadi bölgüsü yenilənir”.