SOS!- “Narkomaniya Azərbaycanda da gərgin vəziyyət yaradıb”

Baş Narkotiklərlə Mübarizə İdarəsi rəsmi sosial şəbəkə hesabları yaradıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, sosial şəbəkə istifadəçiləri artıq DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin gündəlik fəaliyyətinin nəticələrini ilk mənbədən əldə edə, o cümlədən ictimai əhəmiyyətli maarifləndirici məlumatlarla tanış ola biləcəklər:

“Əksər hallarda sosial şəbəkələrdə paylaşılan qeyri-obyektiv, heç bir əsası olmayan, bəzi hallarda cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi, güdəm informasiyaların mənfi təsirlərini nəzərə alsaq, hər bir şəxs üçün məlumatların əlçatanlığını və operativliyini təmin etmək bu baxımdan olduqca əhəmiyyətlidir.

Səhifələrdə narkomaniyanın cəmiyyətə və insan sağlamlığına ziyanı, fəsadları və sağlam həyat tərzinin təbliğinin vacibliyi, həmçinin daxili işlər orqanları tərəfindən bu bəlaya qarşı ciddi və qətiyyətli mübarizə aparılması barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili diqqətdə saxlanılır”.

Təəssüf ki, son zamanlar ölkəmizdə narkomaniyanın kütləvi təbliğini müşahidə edirik. Xüsusilə narkobiznesin onlayn platformada geniş yayılması baş verib. Bu baxımdan Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəsmi sosial şəbəkə hesabının olması olduqca əhəmiyyətlidir.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Sherg.az”a söyləyib ki, ölkəmizdə narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsində aparılır:

“Xüsusilə, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin bu istiqamətdə apardığı işlər təqdirəlayiqdir. Ölkəmizdə narkobizneslə mübarizə günü-gündən güclənir. Aparılan tədbirlər nəticəsində tonlarla qanunsuz narkotik vasitə dövriyyədən çıxarılıb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdə rəsmi hesab yaratması çox vacib və əhəmiyyətlidir. Biz də MQF üzvü olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə daim əməkdaşlıq edirik”.

R.Zeyninin qənaətincə, sosial şəbəkə hesablarının yaranması narkomaniya ilə daha geniş miqyasda mübarizə aparmaq üçün əlverişli imkanlar yaradır:

“Düşünürəm ki, belə hesablar çoxdan yaradılmalı idi. Bu cür hesablar narkotik vasitələrin dövriyyəsi ilə mübarizəni gücləndirməyə imkan verir. Narkobiznesə qarşı mübarizə aparan bütün dövlət qurumları və hüquq mühafizə orqanlarının hamısı sosial şəbəkələrdə aktivləşməlidir. Biz də vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatı olaraq bu mübarizəni dəstəkləyirik. Artıq 12 qeyri-hökumət təşkilatı narkomaniyaya qarşı mübarizə üzrə QHT koalisiyası yaradıb.

Həmin koalisiya çərçivəsində müəyyən işlər görürük. Son günlər bir neçə tədbirdə iştirak etdik. Nətimanov və Binəqədi rayonunda ciddi tədbirlər keçirildi, pandemiya dövründə isə onlayn tədbirlər olurdu.

Həmçinin baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə qarşıya qoyulan məqsəd və vəzifələri yerinə yetirmək istiqamətində mühüm addımlar atılır. Fikrimcə, narkomaniya ilə mübarizə üzrə maariflənməni daha da gücləndirmək lazımdır. Xüsusilə gənclərimiz maariflənməlidir. Çünki bu gün narkomaniya bəşəriyyətin faciəsi olmaqla yanaşı, Azərbaycanda da gərgin vəziyyət yaradıb. Təcili və ciddi tədbirlər görməliyik ki, gələcəyimiz təhlükə altında qalmasın”.