Oxçuçay çirkləndirilir: “Bu, dünyanın ekoloji təhlükəsizliyinə zərbədir”

“Düşmən belə hərəkətlərlə özünün faşist ideologiyasını bütün dünyaya göstərir”

“Fikrimcə, beynəlxalq qurumlar artıq reaksiya bildirməlidirlər”

Ermənistanın Azərbaycana qarş ekoloji terroru davam edir. Belə ki, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, çay hövzəsinin flora və faunasının məhv edilməsi Azərbaycanda geniş rezonans və ictimai narazılıq doğurub. Bu prosesdə xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar var. Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı məsələni ört-basdır etmək və diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb.
 
Bu ölkənin Yaşıllar partiyası isə ümumiyyətlə müraciətə saymazyana cavab verərək Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını bildirib. Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsinin təşkil etdiyi qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları xüsusi diqqət çəkir.

Həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artması, beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəmizin öz tərəfdaşları ilə uğurlu enerji layihələrini reallaşdırması, Ermənistanda Sorosun layihəsi olan N.Paşinyanın hakimiyyətə gəlməsi kimi məqamlar da məsələyə təsirsiz ötüşmür.

Millət vəkili Jalə Əliyeva bu barədə “Sherg.az”a açıqlamasında beynəlxalq ictimaiyyətin susqunluğundan danışdı: 

“Təəssüf ki, ötən illər ərzində ermənilər təkcə torpaqlarımızı zəbt etmədilər, həm də təbii sərvətlərimizi taladılar. Dünya birliyi isə bu vandallığa səssiz qalır. Düşmən belə hərəkətlərlə özünün faşist ideologiyasını bütün dünyaya göstərir. Fikrimcə, beynəlxalq qurumlar artıq reaksiya bildirməlidirlər. Çünki bu, təkcə Azərbaycanın deyil, regionun və həm də dünyanın ekoloji təhlükəsizliyinə zərbədir”.