Nə deyəsən axı?!

“Övlad dünyaya gətirmək ali bir hissdir”

“Onu zibilliyə atan insan isə bütün mənəvi keyfiyyətlərini itirmiş adamdır”

“Belə insanları cəzalandırmaqla yanaşı problemin sosioloji köklərini axtarıb tapmaq lazımdır”


Dünəndən etibarən Sumqayıtda zibillikdən tapılan yeni doğulmuş qız uşağı ilə bağlı yayılan xəbərlər bütün cəmiyyəti sarsıtdı. Bu iyrənc və insanlıqdan kənar davranış çoxlarımızın hiddətinə səbəb oldu. Artıq neçənci dəfədir ki, belə hallarla qarşılaşırıq. Lakin yaxşılığa doğru dəyişən bir şey yoxdur. Təəssüf ki, sabahısı gün eyni hadisənin baş verəcəyi qaçılmazdır.

Hadisə şəhərin “Yaşıldərə” yaşayış massivində qeydə alınıb. Sakinlərdən biri zibil atarkən səs eşidib və orada yeni doğulmuş qız uşağının olduğunu görüb. O, polisə müraciət edib və yeni doğulmuş körpə Sumqayıt Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən Perinatal mərkəzə yerləşdirilib. Mərkəzdən bildirib ki, körpə hamiləliyin 30-35 həftəliyində doğulub:

“Boyu 40 santimetr, çəkisi 1,660 kiloqramdır. Körpənin vəziyyəti orta ağırdır. Onun müalicəsi yeni və yarımçıq doğulmuşlar şöbəsində aparılır”.

Baş verənləri “Sherg.az”a dəyərləndirən jurnalist Aygün Muradxanlı bildirib ki, bütün bunlar əxlaq məsələsidir:

“Övlad dünyaya gətirmək ali bir hissdir. Onu zibilliyə atan insan isə bütün mənəvi keyfiyyətlərini itirmiş adamdır. Bunu edən şəxs haqqında nə deyəsən axı? Belə insanları cəzalandırmaqla yanaşı problemin sosioloji köklərini axtarıb tapmaq lazımdır. Aydındır ki, uşaq normal bir ailədə böyüyən insanların övladı deyil.

Səfil həyat keçirən insanların işidir bu. Milli gəlirlərin korrupsiya və rüşvət üzündən bərabər bölüşdürülmədiyi toplumlarda bu, sıradan həyat hadisədir”.