Vətəndaşlar qaydalara məhəl qoymur

Füzulidə daha iki nəfər minaya düşüb

Elman Məmmədov: "Ərazilərə gizli və dolayı yollarla keçənlər çox sərt şəkildə cəzalandırılmalıdır"


Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir. Çox təəssüf  ki, belə təhlükəli səfərlər həmin şəxslərin minaya düşərək ya həlak olmalarına, ya da ömürlük şikəst qalmalarına səbəb olur. Ötən gün Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar. Onu da qeyd edək ki, minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunmuşdu.

Mövzu ilə bağlı millət vəkili Elman Məmmədov "Şərq"ə fikirlərini bölüşüb. Deputat vurğulayıb ki, qanunvericiliyimizdə cəza tədbirləri ilə bağlı müvafiq maddələr öz əksini tapıb:

"Bilirsiniz ki, dövlətimizin başçısı və müvafiq qurumlar vətəndaşlarımıza bununla bağlı vaxtaşırı xəbərdarlıqlar edir. Dönə-dönə vətəndaşlarımıza qadağaları deyir. Bildirirlər ki, həyatınızı təhlükə qarşısında qoymayın. Bunun üçün icazə verilməyən və qadağan olunmuş ərazilərə səfərlər etməyin. Ancaq vətəndaş da öz məsuliyyətini dərk etməli və öz təhlükəsizliyinin qeydinə qalmalıdır. Buraxılış məntəqələrindən, postlardan kənar yerlərdən nə məqsədlə gizli yollarla bu ərazilərə keçirsən? Sən ilk növbədə düşünməlisən ki, bu ərazilər 30 ilə yaxın bir müddətdə düşmən işğalında olub. Düşmən burda sürpriz tələlər qoyub gedib. Minalar basdırıb. Təbii ki, artıq sənin burda həyatın heç bir şeydən sığortalanmayıb. Ağılsızlıq edib özünü ölümə düçar edirsən. Hesab edirəm ki, vətəndaşlarımız bu deyilənlərin, bu xəbərdarlıqların hamısından nəticə çıxartmalıdırlar. Ərazilərə gizli və dolayı yollarla keçənlər çox sərt şəkildə cəzalandırılmalıdır".