Avtobus sürücüsünün sərnişinə əxlaqsız hərəkəti olay oldu

İllərdir deyirlər ki, işə götürülən sürücünün psixikası yoxlanmalıdır
 
Azərbaycanda avtobus sürücüsü  sərnişinə qarşı  əxlaqsız hərəkət edib. 
Gəncə şəhər sakini polisə zəng edərək bildirib ki, Bakıdan Gəncəyə yola düşən mikroavtobusda naməlum iki sürücünün Goranboy şəhəri ərazisində onun qızına qarşı əxlaqsız hərəkətlərə yol veriblər. 
Hadisə ilə bağlı araşdırma aparılır. 

 İstər rayonlararası avtobuslarda, istərsə də digər nəqliyyat vasitələrində bu hadisələrin baş verməsi ürəkaçan deyil. Sürücülərin özbaşınalıqlarına necə son qoymaq olar? Onlara nəzarət hansı səviyyədə təşkil olunmalıdır?


“Şərq”in suallarını cavablandıran  nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli deyib ki, sözügedən olay sırf əxlaqla əlaqəlidir:

“Şirkətlərin öz davranış kodeksləri olur. Sürücülər işə qəbul olunmazdan əvvəl onların qurumla, sərnişinlə münasibətləri, nəqliyyat vasitəsinə diqqəti orada öz əksini tapır. Təbii ki, hər bir işçi davranış kodeksini imzalayır.  Onların yol verdikləri hərəkət  öz psixoloji halları ilə bağlıdır. Zaman-zaman insanlarda  bu və ya digər uyğunsuz hərəkətləri müşahidə edirik. Hətta dünyada da belə situasiyalar yaranır, məsələn, ölkənin nazirində, yaxud da polislərdə də bu görünür. Elə keçmiş deputat Hüseynbala  Mirələmovun yayılan videosu da buna nümunədir. Ona görə məsələyə hüquqi  qiymət  vermək olmaz. Şirkətlə, onun sürücülüyü, nəqliyyatla əlaqəli fikir səsləndirmək əsassızdır”.