"Qırmızı ölüm"! - Üzü bəzək, içi təzək pomidorlar... - Zəhər saçır! 

İndi pomidorun ən ləzzətlə yeyildiyi mövsümlərdən biridir. Əsasən may aylarında pomidor almağa tərəddüd edənlər onun gübrəli olması və istixanalarda yetişdirildiyini düşünürlər. İstehlakçıların fikrincə, növbəti aylarda satışa çıxarılan pomidorlar istixanalarda yetişdirilmədiyindən gübrəsi də az olur, ona görə gözləmək məsləhətdir.
Ancaq indi yay olsa da, tamamilə təbii və dərmansız pomidorların satışda olduğunu söyləmək çətindir. Jurnalist Mahir Xəttab sosial şəbəkədə “Araz” Supermarketdən aldığı pomidorun fotosunu paylaşıb. Görüntüdən açıq-aydın bəlli olur ki, tərəvəzin içi kifayət qədər yaşıl rəngdədir. İstehlakçıların gileyinə səbəb olan digər məsələ isə belə pomidorların insan orqanizmi üçün olduqca zərərli olmasıdır.
zu barədə “Sherg.az”a danışan qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, pomidor ştilləri müxtəlif olduğundan qara rəngli, sarımtıl və qırmızı pomidor növlərinə rast gəlmək olar:

“Lakin sözügedən pomidorun satışda olması tamamilə başqa məsələdir. Yəni pomidorun yetişdirilməsi zamanı ona verilən süni sintez gübrələrin kifayət qədər yüksək miqdarda olması bu tərəvəzin daxilindəki toxumaların inkişaf etməsinə imkan vermir. Pomidora qırmızılıq verən “likotin” adlı kimyəvi birləşmə var. “Likotin” inkişaf edə bilmədikdə pomidorun içi yaşıl rəngdə olur. Bir daha qeyd edim ki, pomidorun xüsusi sortları var. Yaşıl, qara, qırmızı, sarımtıl və çəhrayı rəngdə olan pomidorlar çoxdur. Amma pomidorun içinin qırmızı olmamasının səbəbi nitrat gübrələri miqadarının çox olması ilə bağlıdır”.

E.Fərzəliyev vurğulayıb ki, ölkə başçısının sərəncamı ilə bu işlərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət yetirir:

“AQTA-nın da nəzdində Qida Təhlükəsizliyi İnstitutu var. Ölkəyə gətirilən, burada istehsal edilən və ölkədən çıxarılan bütün qida məhsullarına AQTA-nın nəzarəti olur. Hər iki qurum bu durumla bağlı araşdırmalar aparır, məhsulların tərkibini yoxlayır və yekun qiymətlər verilir ki, filan məhsul qidalanma üçün əlverişlidir, ya yox. Qurum eyni zamanda məhsulların tərkibində insan orqanizminə mənfi təsir göstərə biləcək komponentləri müəyyənləşdirir. Agentlik bu sahədə mütəmadi yoxlamalar aparır və mənfi durum aşkarlandığı halda məsələ ölkə mətbuatına çıxarılır”.