Daha bir körpəni küçəyə atdılar: Cocuqların günahı nə?!

Ölkəmizdə daha bir körpə uşaq küçəyə atılıb. Hadisə Ucar rayonunda qeydə alınıb. Hüquq mühafizə orqanlarından bildirilib ki, körpə səhər saatlarında küçədə tapılıb. Oğlan uşağı xəstəxanaya yerləşdirilib. 
Ucar Rayon Mərkəzi Xəstəxanası yeni doğulmuş uşaqla bağlı açıqlama verib. Xəstəxanadan bildirilib ki, körpə bu gün səhər saatlarında tibb müəssisəsinə təhvil verilib:

“Yeni doğulmuş körpənin çəkisi 4,1 kiloqram, boyu isə 53 santimetrdir. Onun müalicəsi yeni doğulmuşlar şöbəsində aparılır. Körpənin vəziyyəti qənaətbəxşdir”.

Xatırladaq ki,  bir neçə gün əvvəl Sumqayıtda “Yaşıldərə” yaşayış massivində zibil qutusundan yeni doğulmuş qız uşaq tapılmışdı. Sanki bu cür iyrənc əməllər cəmiyyətimizdə adət halını alıb. Təəssüf ki, yetişkin adlandırdığımız şəxslərin məsuliyyətsizliyi və insanlıqdan kənar davranışının cəzasını körpələr çəkir.

Hadisəni “Sherg.az”a dəyərləndirən cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə vurğulayıb ki, yeni doğulan bir körpənin küçəyə atılması qəbuledilməzdir:

“Axı bu uşaqdır, hansısa bir əşya deyil?! Bir neçə günlük uşağın küçəyə atılması onun ölümün caynağına verilməsidir ki, bu da birbaşa qəsdən adam öldürmə hesab oluna bilər. Bəlkə də, doğumdan sonra həmin körpəni öldürmürlər, işgəncə vermirlər, amma küçəyə atılan uşağın orada ölüb-ölməyəcəyini də əvvəlcədən bilmək olmaz. Körpəni kiminsə qapısına qoyub qaçarkən müəyyən mənada onun götürülüb, polisə və ya hansısa internat evlərinə veriləcəyini düşünmək olar. Amma uşağı küçəyə atmaqdan ancaq ürək ağrısı ilə danışmaq olar. Hesab edirəm ki, normal psixologiyada olan heç bir ana öz uşağını lazımsız bir əşya kimi zibilxanaya atmaz. Bu cür insanlar psixi xəstələrdir.
Atılan uşaqların əksəriyyəti nikahdankənar doğulan uşaqlardır. Sosial tənqidə dözə bilməyən qadınlar uşaqdan imtina etməyə məcbur olurlar. Lakin dünyaya uşaq gətirməyə hazır olmayan qadın, övlad istəməyən biri öncədən tədbir görməli idi. Yəni hamiləlikdən qorunmaq ən optimal çıxış yoludur. Düşünürəm ki, övladını atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar nəticə çıxarsın”.