Vüqar Biləcəri qanqrenadan ölməyib?


Mərhumun xanımı şübhələrini dilə gətirib

Ötən ilin avqust ayında qəfil dünyasını dəyişən meyxana ustası Vüqar Paşayevlə (Biləcəri) bağlı şok iddia irəli sürülüb. Mərhumun 12 il dini nikahlı xanımı olan Samirə Zeynalova “Lent.az”a müsahibəsində meyxanaçının ölüm səbəbinə inanmadığını söyləyib. O, Vüqar Biləcərilinin qanqrenadan deyil, zəhərlənərək dünyasını dəyişdiyini bildirib. S.Zeynalova bunun  kiminsə əməli olduğunu xüsusi vurğulayıb. Lakin onu  ölümündən qısa müddət əvvəlmi,  yaxud da daha öncədənmi zəhərlədikləri haqda nəsə bilmədiyini deyib. Meyxanaçının sevgilisi bu pisliyi kim tərəfindən, nəyə görə törədildiyini bilmədiyini açıqlayıb.

Samirə xanım söz ustasının qardaşı Kamran Paşayevə şikayət edib, məsələnin  araşdırılmasını  təklif edib. O isə deyib ki, bu olayı  ilahi ədalətin öhdəsinə buraxıb. 

V.Paşayevin yaxın dostu, həmkarı Orxan Əzimov (Lökbatanlı) “Şərq”ə mövcud durumdan  xəbərdar olmadığını söyləyib: 

“Bu barədə bir söz deyə bilmərəm. Allah Vüqara rəhmət eləsin, yeri behişt olsun. O mənim dostum, qardaşım idi. Kiminsə  nədənsə şübhəsinin olduğundan məlumatım yoxdur. Nəsə söyləyə bilmərəm. Samirə xanımı da Vüqarın sağlığından bəri tanıyıram”.