Beynəlxalq mövqelərimiz daha da möhkəmləndi

Qoşulmama Hərəkatında aktiv fəaliyyətimiz Azərbaycana dost olan ölkələrin sayını artırıb

Azərbaycan Xarici İşlər Nazirliyi Qoşulmama Hərəkatı ilə bağlı məlumat yayıb. XİN-dən bildirilib ki, Azərbaycan Qoşulmama Hərəkatına daha bir il müddətində sədrlik etmək öhdəliyini üzərinə götürüb. Məlumat üçün bildirək ki, Azərbaycanın quruma 3 illik sədrliyi 2022-ci ildə bitir. Lakin Azərbaycandan sonrakı sədr Uqanda təşkilata sədrliyi 1 il gec təhvil ala biləcəyini ifadə edib. Hərəkat üzvlərinin quruma daha bir il sədrlik etmək müraciəti rəsmi Bakı tərəfindən müsbət qarşılanıb. Xatırladaq ki, QH üzv dövlətləri işğal illərində, eləcə də Vətən müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə daim dəstək nümayiş etdiriblər. Eyni zamanda Azərbaycan quruma sədrlik etdiyi dönəm ərzində platforma çərçivəsində uğurlu fəaliyyət göstərib və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ciddi nailiyyət ortaya qoyub. 

Siyasi şərhçi Anar İmanov “Şərq”ə vurğulayıb ki, Qoşulmama Hərəkatına sədrlik ölkəmizə böyük fayda verib, verir və verəcək. Analitikin sözlərinə görə, müxtəlif platformalarda Qoşulmama Hərəkatını təmsil edən ölkələr Azərbaycanı dəstəkləyiblər:

“BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul edilərkən Qoşulmama Hərəkatının 7 üzvü buna imkan vermədi və ölkəmizi dəstəklədi. Təşkilatda qazandığımız nüfuz Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. İllər boyu Azərbaycan Qoşulmama Hərəkatında aktiv fəaliyyət göstərib və nəticədə üzv ölkələrin yekdil səs çoxluğu ilə bu təşkilata üç illiyə sədr seçilib. Aktiv fəaliyyətimiz Azərbaycana dost olan ölkələrin sayını artırıb, ölkəmizin dünyada nüfuzunu gücləndirib. Prezidentin rəhbərliyində bu fəaliyyət davam edir və ölkəmizə yeni dost qazandırır, haqq işimizə dəstək verənlərin sayı artır. Məhz bu fəaliyyət nəticəsində beynəlxalq mövqelərimiz daha da möhkəmlənir”.

Analitik bildirib ki, Prezident də Silahlı Qüvvələr günündə hərbçilərlə görüşü zamanı mühüm dəstəyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə minnətdarlıq etdi:

“Ölkə rəhbəri bildirdi ki, biz buna diplomatiya, siyasi əlaqələr və iqtisadi imkanlar hesabına nail olmuşuq. Dövlət başçısının toxunduğu məsələ çox vacibdir. Azərbaycan həqiqətləri dünyaya çatdırılmalıdır. Müxtəlif platformalar, təşkilatlar vasitəsilə bu fəaliyyət davam etdirilməlidir. Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan dostlarını və düşmənlərini bir daha tanıdı. Və biz əmin olduq ki, kimlərlə öz yolumuzu davam etməliyik. Bir çox ölkə bizi dəstəklədi və erməni aqressiyasını pislədi. Bütün bunlar isə həm də Qoşulmama Hərəkatının sayəsində baş verdi. 120-dən artıq ölkəni təmsil edən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın ikinci ən böyük və nüfuzlu təşkilatıdır. Və bu təşkilata sədrlik etməklə Azərbaycan tarix yazır. Yaxın keçmişdə bu sədrlik bizə artıq fayda verib. Əminəm ki, gələcəkdə bu möhtəşəm missiya Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq”.