Qiymət və keyfiyyət ciddi suallar doğurur

Azərbaycan internetin sürətinə görə dünyada və bölgəmizdə heç də yaxşı yerlərdə deyil


Azərbaycanda informasiya və rabitə xidmətlərindən əldə edilən gəlirlər artıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərindən gəlirlər illik müqayisədə 5,5 faiz artaraq 1 100,2 milyon manat təşkil edib. Məlumata görə, 6 aylıq xidmətlərin 74,5 faizi əhali sektoruna aid olub. Bu sahədə əldə edilmiş gəlirin 80,7 faizi isə qeyri-dövlət sektorunun payına düşüb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə ölkəmizdə informasiya və rabitə xidmətlərindən əldə edilən gəlirlər barədə danışıb. Onun sözlərinə görə, belə bir artımın olması əslində gözlənilən idi:

"Çünki internet xidmətlərinin və rabitə-informasiya texnologiyalarından istifadənin genişləndirilməsi proqnozu gözlənilən edirdi. Həmçinin, pandemiya ilə əlaqəli olaraq iş müəssisələrində uzaqdan işləmələr həyata keçirildi. Yəni bu, müxtəlif məsələlərlə əlaqədardır. Bilirsiniz ki,  informasiya texnologiyalarından, internetdən istifadə artdıqca əhali tərəfindən ona ödənişlər də artır". 

Ekspert diqqətə çatdırıb ki, əhali tərəfindən ödənişlərin artması təbii ki, gəlirliliyi və dövriyyəni də artırır:

"Sadəcə bizdə əsas məsələ odur ki, internet xidmətinin qiyməti və keyfiyyəti ciddi suallar doğurur. Bu yöndə ciddi işləmək lazımdır. İnternetin sürəti nöqteyi-nəzərdən Azərbaycan dünyada və bölgəmizdə heç də yaxşı yerlərdə deyil. Həmçinin, qiymət də kifayət qədər bahadır. Yəni bu iki amili də nəzərə almaq lazımdır. Hesab edirəm ki, gələcəkdə Azərbaycanda internet, rabitə xidmətlərinin ucuzlaşması üçün müəyyən addımların atılmasına ehtiyac var".