Ekoloji terror qəsdən törədilir

Azərbaycan çaylarını ən çox çirkləndirən Ermənistandır

"Əgər Azərbaycan belə bir iş tutsaydı, əminəm ki, ermənilər bütün dünyanı ayağa qaldırmışdı"


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Zəngəzur Mis-Molibden Kombinatındakı axtarışları və həbsləri başa çatdırıblar. Kombinatın inzibati binasında bütün işlər dayandırılıb, xidməti kompüter və mühasibatlığa aid sənədlər müsadirə edilib. Kombinatın idarə heyətinin üzvü Vahe Akopyanın bildirdiyinə görə, 70 vaqon mis və molibden konsentrantının satışına qadağa qoyulub və müəssisənin qapıları möhürlənib. Xatırladırıq ki, adı çəkilən müəssisə illərdir Zəngəzurdan keçən və bölgənin iri çaylarına, o cümlədən Araz çayına tökülən bir çox çayları müxtəlif növ kimyəvi tullantılarla çirkləndirib. 

Mövzu ilə bağlı Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri, siyasi ekspert Elman Vəliyev "Şərq"ə fikirlərini bölüşüb. Politoloq açıqlamasında deyib ki, Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə aşağı səviyyədədir:



"Su ehtiyaclarımızı əsasən Kür və Araz çayları təmin edir. Bu çayların mənbəyinin başqa yerlərdə olması onların tez-tez çirklənməsinə səbəb olur. Məlumdur ki, Azərbaycan çaylarını ən çox Ermənistan tərəfi çirkləndirir və şübhəsiz ki, bu, qəsdən edilir. Ermənistan hər zaman Azərbaycana qarşı təxribat törətmək üçün ən çirkin yollara əl atıb. Çaylara zəhərli maddələrin tökülməsi də bu çirkin əməllərdən biridir. Əgər Azərbaycan belə bir iş tutsaydı, əminəm ki, ermənilər bütün dünyanı ayağa qaldırmışdı ki, Azərbaycan ekoloji terror törədir. Amma ən böyük ekoloji terror törədən özləridir. Bilirsiniz ki, "Metsamor" Atom Elektrik Stansiyası inşa edilərkən etiraz edilməsinə baxmayaraq faydasız oldu. Türkiyə, Azərbaycan və İran sərhədinə yaxın məsafədə olan bu AES böyük təhlükədir. Bu AES-in inşası üçün maliyyəni kim ayırıb? Əlbəttə ki, Rusiya. Çünki AES Rusiyadan uzaqda yerləşir və təhlükəsi yoxdur. Rusiya AES-dən bölgədə əgər böyük təhlükə olarsa, özü üçün o zaman istifadə edə bilər. Diqqət etsək ki, Ermənistana nəzarət Rusiya tərəfindən həyata keçirilir, Rusiyanın böyük bazalarından Ermənistanda fəaliyyət göstərəni var, deməli, Rusiya bundan öz maraqları naminə istifadə edir". 

E.Vəliyev vurğulayıb ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Oxçuçaya zəhərləyici maddələr tökmüşdü:

"Oxçuçay mənbəyini Zəngəzur silsiləsindən götürür və Qafan rayonundan keçir. Ermənistan tərəfi Qafandakı sənaye obyektlərinin çirkablarını da çaya axıdır. Əlbəttə, Ermənistanın belə bir işə əl atması onu  göstərir ki, məğlub olan tərəf onlardır. Düzdür, Ermənistan çayı çirkləndirən kombinatı bağlasa da, bunun müvəqqəti olduğunu zənn edirəm. Çünki Ermənistan dəfələrlə verdiyi sözə əməl etməyib. Bu sadəcə gözdən pərdə asmaq üçündür. Yəni dünya mediası görsün ki, biz terror törətmirik və onlara təzyiqlər etməsin. Ermənistan heç 10 Noyabr atəşkəsinə əməl etmir. Dünya dövlətləri, beynəlxalq təşkilatların alqışladığı bir atəşkəsi pozur. Bunu edən təbii ki, digər təxribatları da edəcək. Biz isə buna qarşı daim adekvat cavablar verməyə hazır olmalıyıq. Dünya mediası ilə daim inteqrasiyada olmalıyıq. Hər cür pis əməlləri işıqlandırmalıyıq. Lazım gələrsə, haqlı tərəf olaraq, beynəlxalq aktlara, əsasən hərbi gücdən də istifadə etməliyik.  Dünya dövlətləri ekoloji problemlərin həllinə dair təkliflər irəli sürərkən, konfranslar, görüşlər keçirərkən Ermənistan tərəfinin bu tipli destruktiv yanaşması və sivilizasiyadan bixəbər kimi yaşaması təəssüratı yaratması çox acınacaqlıdır. Beynəlxalq aləm də Ermənistanın bu hərəkətini qınadı. Hətta Prezident İlham Əliyev də dəfələrlə Ermənistanın təkcə hərbi deyil, ekoloji terror törətməsini dünya mediasına çatdırıb və qarşı tərəfə xəbərdarlıq edib. Onlar təkcə suların çirkləndirilməsi ilə kifayətlənmirlər. Meşə ehtiyatlarının yandırılması, yaşıllıqların məhv edilməsi də göstərir ki, Azərbaycan həqiqətən çox axmaq bir düşmənlə üz-üzədir".