Cəza çıxış yolu deyil

Narkotika ilə bağlı sosial şəbəkələrə daha ciddi nəzarət olunmalıdır

Təklif olunur ki, narkotik satışı ilə məşğul olan yetkinlik yaşına çatmayan şəxslərin məhkəmə proseslərində psixoloqlar və sosial işçilər iştirak etsin

Bir neçə gündür ki, ölkəmizdə metamfetamin, narkomanlar arasında "patı" adlandırılan narkotik vasitə satan dəstələr ifşa olunur. Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdikləri əməliyyat tədbirləri nəticəsində onlarla "patı" və digər narkotik vasitə satan narkotacirlər iş başında yaxalanıb. Əməliyyat tədbirləri göstərir ki, "patı"nın ölkəmizdə satışı geniş miqyas alıb və bu, hüquq-mühafizə orqanlarını ciddi narahat edir. Bu məsələ sosial platformada da geniş müzakirə mövzusuna çevrilib. Hər kəs övladının bu narkotik vasitənin qurbanına çevriləcəyindən narahat olur. Hətta "patı"nın ölkəmizdə istehsal edildiyini söyləyənlər də var.

Mövzu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov "Şərq"ə açıqlama verib. Ekspert bildirib ki, bu sahədə yalnız qanunun aliliyi prinsipi əsas götürülərək, cəzanın qəbul edilməsi çıxış yolu deyil. Ancaq qanun pozuntusu varsa, əlbəttə, o zaman ona uyğun cəza tətbiq edilməlidir:

"Təbii ki, ölkəmizdə narkotiklə bağlı bir sıra tədbirlər həyata keçirilir, xüsusilə də yetkinlik yaşına çatmayan şəxslərlə bağlı. Qeyd edim ki, ölkəmizdə təkcə narkotiklə deyil, alkoqollu içkilərlə bağlı da müvafiq tədbirlər həyata keçirilməkdədir. Ümumiyyətlə, bütün zorakılıq növlərinə gətirən amillərin aradan qaldırılmasına çalışırıq. Hazırda deyə bilərəm ki, son illər yaxşı nailiyyətlər əldə edilib. Ancaq çox təəssüflər olsun ki, narkotiklərin satışıyla bağlı cinayət və inzibati işlər hələ də var". 

E.Səfərov hesab edir ki, bu halların qarşısının alınması üçün koordinasiya şəklində işlər mütəmadi olaraq aparılmalıdır:

"Narkotikanın satışı ilə bağlı sosial şəbəkələrə daha çox ciddi nəzarət olunmalıdır. Sahibkarlar da bu sahədə maarifləndirilməlidir. Bu işlər də davamlı şəkildə həyata keçirilməlidir ki, gələcəkdə aradan qaldırıla bilsin. Qeyd edim ki, qeyri-hökumət təşkilatları da bu işdə mütəmadi şəkildə iştirak edir. Qanunvericiliklə yanaşı təbii ki, bu işdə media qurumlarının fəaliyyəti də çox vacibdir. Ümumiyyətlə, təklif edərdim ki, narkotik satışı ilə məşğul olan yetkinlik yaşına çatmayan şəxslərin məhkəmə proseslərində psixoloqlar və sosial işçilərin iştirakı həyata keçirilsin. Bununla bağlı  qanunvericilikdə mütləq şəkildə islahatlar və dəyişiliklər aparılmalıdır".