Ananın narkotik istifadəçisi olduğu təsdiqləndi

Sığınacağa yerləşdirilən 3 yaşlı uşaqda xəstəliklər aşkarlanıb


Ötən gün sosial şəbəkələrdə Suraxanı rayonunda bir qadının azyaşlı uşağının gözü qarşısında narkotik vasitələrdən istifadə etdiyi ehtimal olunan video görüntüləri yayımlanıb. Bu görüntülərdən dərhal sonra ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları rayon icra hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri ilə birgə həmin ünvana baxış keçiriblər.

Araşdırma zamanı həmin ailə üzvləri ana Arzu Mehtiyeva və ata Valeh Balacayevin tüfeyli həyat tərzi keçirdikləri müəyyən edilib. Ananın və atanın narkotik maddələrdən istifadə etdikləri şübhə doğurduğundan onlar polis bölməsinə dəvət ediliblər. Arzu Mehtiyeva və Valeh Balacayevin narkotik maddələr aludəçisi olub-olmadıqlarını müəyyən etmək üçün onlar narkoloji mərkəzə göndəriliblər.  Azyaşlı körpə isə Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəylə əlaqə saxladıq. Birliyin sədri "Şərq"ə açıqlamasında bildirib ki, 3 yaşlı Səidə zərərli vərdişləri olan ailədən artıq uzaqlaşdırılıb: "Qeyd edim ki, mən ana ilə söhbət apardım. Müsahibələrimə əsasən deyə bilərəm ki, qadın və yoldaşı narkotik istifadəçiləridir. Xanım özü də müəyyən maddələri qəbul etdiyini təsdiq elədi". 

K.Ağazadə əlavə edib ki, 3 yaşlı körpə dünən Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən rəsmiləşdirilərək, aktlaşdırılıb onların birliyinə təhvil verilib:

"Bu günləri mütəxəssislər, pediatrlar uşağın müayinəsi üçün dəvət olundular və ona  ilkin baxış keçirildi. Baxış zamanı onun nevroloji xəstəliyi olması təsdiqləndi. Həmçinin, müayinə zamanı körpədə asosiallığın olduğu müəyyənləşdirilib. Çünki uşaqla demək olar ki, ünsiyyət  qurulmayıb. Uşağın üç yaşı olsa da, o hələ bir-iki sözdən artıq heç nə deyə bilmir. Hazırda bu istiqamətdə iş aparılır, yəqin ki, yaxın zamanlarda hüquqi tərəfdən işlər də görüləcək".