“Pop İt”lər qaçın!

Bu təbliğatın qarşısı alınmasa, ciddi fəsadlar olacaq

Valideynlərin oyuncaq və geyim alarkən diqqətli olmaları tövsiyə olunur


Son zamanlar demək olar ki, “Pop İt” oyuncağı bütün uşaqların sevimlisinə çevrilib. Kiçikdən böyüyədək hər kəsin əlində göy qurşağının rənglərini özündə birləşdirən bu oyuncaqlara rast gəlinir. Lakin oyuncaqda diqqət çəkən əsas məqam onda olan rənglərin LGBT bayrağının rənglərini özündə ehtiva etməsidir. Bunu anlamayan valideynlər isə kortəbii şəkildə həmin oyuncaqları bu günləri də almaqdadırlar. Bəzi valideynlər bu səbəbdən dövlət tərəfindən həmin oyuncağın alınmasını və ölkəyə gətirilməsinin qadağan edilməsinin tərəfdarıdır.

Valideynlər iddia edirlər ki, bu oyuncaqlar vasitəsilə uşaqlarda homoseksuallığa qarşı xüsusi maraq oyana bilər. İddialarda rənglərin uşaq psixologiyasında xüsusi yerinin olduğu səbəb gətirilir və bunun azyaşlıların kiçik yaşlarından eynicinslilərə “məhəbbət” oyadıldığı bildirilir. 

Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.  Sosioloq Lalə Mehralı "Şərq"ə açıqlamasında bildirib ki, bu oyuncaqlar uşaqların şüur altına hesablanmış bir addımdır. O qeyd edib ki, əgər şirkətlər bu cür oyuncaq istehsal edirdilərsə, onu tamamilə fərqli rənglərdə edə bilərdilər:

"Bu oyuncaqlara diqqət yetirdikdə onun rəngləri eyni olmaqla yanaşı, hətta LGBT bayrağının sıralaması da eynilə həmin bayrağı əks etdirir. Bu oyuncaqda mən hər hansı fiziki, zehni inkişaf yaradan nəsə görmürəm. Sadəcə kiçik qabarcıqlardı, barmaqlar vasitəsilə oynadılır. Yəni uşaq psixologiyasına müsbət təsir edə biləcək bir oyuncaq deyil. Biz adətən oyuncaqları ona görə seçirik ki, uşaqlarımızın inkişafına müsbət təsir eləsin və onun xəyal dünyasını genişləndirsin, həmçinin əqli və fiziki inkişafına müsbət dəyişiklik göstərsin. Xatırlayırsınızsa, bir vaxtlar stres çarxı deyilən bir oyuncaq dəbə minmişdi. Yəni hara baxırdın, görürdün ki, uşaqlar əllərində onu fırladır. İndi də bu “Pop İt” deyilən oyuncaqlar uşaqlar arasında geniş yayılıb. Təbii ki, bu, işbazların oyunlarından biridir. Amma bu və ya digər formada onlar bizim şüur altımıza təsir edərək psixologiyamızı korlamağa, düşüncə tərzimizi dəyişməyə çalışırlar. Düzdür, bəziləri deyə bilər ki, “Pop İt” uşaqlar üçün normal oyuncaqdır. Bu, düzdür. Amma rənglər çox təəssüf ki, uşaqlarımızın yaddaşına yazılır. Təbii ki, onlar nə vaxtsa LGBT bayrağı ilə rastlaşanda bunu tamamilə normal, sıradan bir vəziyyət kimi qəbul edəcəklər. Yəni qlobal güclər insanların psixologiyasını bu cür sadə və rahat formada dəyişə bilirlər. Bilirisiniz ki, bizim yaş qrupumuzda olan insanların bu mövzuda psixologiyasına təsir etmək çətindir. Ancaq övladlarımız üzərində bunu etmək çox rahat və asandır. Ümumiyyətlə, qlobal güclərin uşaqlara təsir imkanları əllərində boldur. Çox təəssüflər olsun ki, bu günləri onlar texnologiya və bu cür oyuncaqlarla uşaqların psixologiyalarına təsir etmək imkanlarına sahibdir. Bu baxımdan gərək hamımız diqqətli olaq. Övladlarımıza nəyi aldığımızı, nəyi aldırmaq istədiyimizin fərqində olaq. Diqqətli olan valideyn üçün təhlükə minimuma enir. Diqqəti olmayan valideynlər və ya LGBT bayrağı barədə təsəvvürü olmayanlar, LGBT-nin hansı kateqoriyaya aid olan insanlar ətrafında cəmləndiyini bilməyənlər üçün təbii ki, bu, təhlükədir. Bu təhlükə hələ də davam edir".

AĞ Partiyanın başqanının birinci müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında deyib ki, bu oyuncaqlar birmənalı şəkildə təbliğatdır. Politoloqun sözlərinə görə, bu təbliğatın mərkəzində maraqlı qüvvələr var və onların da əsas məqsədi bu əxlaqsızlığı yaymaqdır:

"Məlum olduğu kimi, bu oyuncaqların üzərində olan rənglər LGBT bayrağının rənglərini əks etdirir. Çox təəssüflər olsun ki, bu rəngləri uşaqlarımızın şüuruna məqsədli şəkildə yayırlar. Ukraynada bununla bağlı məsələ çox acınacaqlıdır. Bizdə isə şükürlər olsun ki, o yöndə deyil. Amma çox təəssüflər olsun ki, hazırda uşaqlarımızı buna doğru itələyirlər.

Bunun qarşısı mütləq şəkildə tezliklə alınmalıdır. Dövlət ilk növbədə elə oyuncaqları sərhədə buraxmamalıdır. Həmçinin dövlətimiz tərəfindən geyimlərdən tutmuş oyuncaqlara qədər milli-mənəvi dəyərlərimizi əks etdirməyən heç bir şey ölkə daxilinə buraxılmamalıdır. Qeyd edim ki, bu məsələyə ciddi diqqət yetirilməsə, bu çox geniş yayılacaq. Ona görə də bu cür əxlaqsızlığın qarşısı alınmalıdır. Çünki bir var dış düşmən, bir də var iç düşmən. İllərdir, əsrlərdir qurduğumuz institutları dağıtmaq istəyən və xaricdən maliyyələşən iç düşmənlər bu təbliğatla məşğuldurlar.

Bu iç düşmənin fəaliyyətlərinin qarşısı dövlət tərəfindən alınmalıdır. “Pop İt” oyuncağına diqqət yetirsəniz, adı da bu əxlaqsızlığı təbliğ və təşviq edir. Təəssüf olsun ki, gömrükdən bu cür oyuncaqlar keçirilir. Qeyd edim ki, dövlət ideologiya üstündə qurulmalıdır. Dövlət ideologiya üstündə qurulmayanda daxilən sarsılır və məhvə doğru gedir.

Ona görə də bu cür məsələlər dövlət tərəfindən ciddi şəkildə araşdırılmalı və qarşısı alınmalıdır. Fikir verirsinizsə, əvvəllər az insanlar cırıq şalvarlar geyinirdi, artıq bu geyim dəbə çevrilib. Hesab edirəm ki, bunun qarşısı tez alınmasa, ciddi fəsadlar baş verə bilər. Çünki bəzi qüvvələr Azərbaycanı əxlaq və mədəniyyət baxımından Niderlanda çevirmək istəyirlər". 

Psixoloq Elnur Rüstəmov da məsələyə münasibət bildirib.
Psixoloq "Şərq"ə açıqlamasında diqqətə çatdırıb ki, son zamanlar nəinki oyuncaqlar, hətta paltarlar üzərində bu cür rənglərə rast gəlmək mümkündür:

"Bu məsələlər məqsədli şəkildə də, təsadüf də ola bilər. Ancaq bu kimi hallar daha çox məqsədli şəkildə edilir. Bəzən valideynlər bu haqda yetərli qədər bilgili olmurlar və bunu sıradan bir hadisə kimi qəbul edirlər. Düşünürəm ki, valideynlər bu kimi məsələlər də özləri diqqətli və məlumatlı olmalıdır. Söhbət məsələyə pis-yaxşı baxmaqdan getmir. Söhbət bu təsirlərdən qorunmaqdan gedir. Ona görə də valideynlərin bu istiqamətdə çox diqqətli olmaları məsləhət görülür. Çünki bu kimi hallar uşaqların şüuruna məqsədli şəkildə yeridilir. Ona görə də oyuncaq və geyim alarkən diqqətli olmaları tövsiyə olunur".