İlham Tumas: "Dövlətimizin yürütdüyü siyasət olduqca təqdirəlayiqdir"

22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAC-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib. Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə də təltif edilib. Bu gün isə dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilir. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Ehtiyatda olan zabit, qazi İlham Tumas "Şərq"ə açıqlamasında Prezident İlham Əliyevin bu addımını yüksək dəyərləndirib. O qeyd edib ki, dövlətimizin yürütdüyü siyasət olduqca təqdirəlayiqdir. Bunun üçün Ali Baş Komandanımıza təşəkkürlərimizi bildiririk:

"Bir neçə gün bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin jurnalistlərlə görüşü oldu. Sahil müəllim görüşdə bildirmişdi ki, çox qısa zamanda hamınızı sevindirəcəyik. Bizim jurnalist qardaşlarımızın ailələrinə evin verilməsi və şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin onlar üçün də təyin olunması çox təqdirəlayiqdir. Bilirsiniz ki, onlar öz vəzifə borclarını yerinə yetirərkən şəhid olublar. Cənab Prezidentimiz tərəfindən atılan bu addım böyükdür. Çünki biz onlara  nə etsək də azdır. Ruhları şad olsun".