35 dəqiqəyə Füzuli rayonundayıq

Azərbaycanın ilk sərnişin təyyarəsinin enişi tarixi hadisədir

Şübhə yox ki, yaxın günlərdə Qarabağın digər şəhərlərində hava limanlarının açılışının şahidi olacağıq


Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. “Azərbaycan Hava Yolları”na məxsus ən böyük “Airbus A340-500” tipli sərnişin təyyarəsi sınaq reys həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanına enib. Simvolik məqam odur ki, həmin təyyarə “Qarabağ” adını daşıyır. Bundan əlavə, Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan “Boeing 747-400” hava gəmisi də Füzuli hava limanına eniş icra edib. Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib. Təyyarənin kapitanı Rasim Əşrəfov Füzuli Hava Limanının beynəlxalq standartlara uyğun olduğunu deyib:

“Bir Azərbaycan vətəndaşı kimi qürur hissi keçirirəm. Uzun illərdən sonra biz Qarabağ səmasında sərbəst uçuşları yerinə yetirməyə başladıq”. O bildirib ki, hava limanında uçuş sxemi və uçuş zolağı çox əlverişli və rahatdır: “Uçuş zolağının kifayət qədər böyük olan eni və uzunu imkan verir ki, hava limanı çox rahat şəkildə nəhəng təyyarələri qəbul edə və yola sala bilsin. Əminəm ki, yaxın zamanda Qarabağ ərazisində daha bir neçə aeroportda uçuşlar başlayacaq”. Sentyabrın sonunda istifadəyə verilməsi nəzərdə tutulan Füzuli beynəlxalq hava limanını “Zəfər Yolu” və Şuşa şəhərinə aparan magistral yolun tikintisi də davam etdirilir. Bundan əlavə, hava limanının ərazisində yaşıllaşdırma işləri aparılır. Qeyd edək ki, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında da beynəlxalq hava limanlarının tikintisi davam edir. Onu da bildirək ki, Xankəndi aeroportu ilə əlaqədar Azərbaycan tərəfi Beynəlxalq Aviasiya Təşkilatı ilə tədbirlər həyata keçirir. BMAT Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib.

Beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq. Qurum tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması havada Azərbaycanın suveren hüquqlarının bütün dünya birliyi tərəfindən tanınması anlamına gəlir. Deməli, Füzulidən sonra AZAL-ın növbəti dayanacaqlarından biri Xankəndi olacaq. 

Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında Füzuli beynəlxalq hava limanının inşasını və ilk uçuşun həyata keçirilməsini tarixi əhəmiyyət kəsb edən hadisə adlandırıb. Deputatın sözlərinə görə, Vətən müharibəsi bitəndən dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda başladılan yenidənqurma və bəpra işləri sürətlə davam etdirilir:

“Nəzərə alaq ki, 2 ildir dünyada koronavirus pandemiyası tüğyan edir. Uzunmüddətli məhdudiyyətlər, qapanmalar əksər dünya ölkələrinin iqtisadiyyatına ciddi mənada mənfi təsir göstərib. Paralel olaraq Azərbaycan müharibədən çıxmış bir ölkədir. Buna rəğmən, 9 aylıq müddət ərzində heyrətamiz işlər görülüb. Böyük Qayıdış üçün ciddi addımlar atılır, bərpa-quruculuq işləri sürətləndirilir. Bu işlərin özü Azərbaycanın iqtisadi gücünün göstəricisidir və uğurlu siyasətin məntiqi nəticəsidir.

Füzuli hava limanı təxminən 6 aylıq zaman kəsiyində tikilib.

Qısa zamanda müasir standartlara tam cavab verən beynəlxalq aeroportun ərsəyə gətirilməsi müstəsna nailiyyətdir. Hava limanı strateji baxımdan da əhəmiyyətlidir. Qarabağ bölgəsi əksər iqtisadi sahələrlə yanaşı, turizm üçün əlverişlidir. Bölgədə bir neçə hava limanının olması vacibdir. Önəmli məqamlardan biri hava limanlarının hərbi kontingentin möhkəmlənməsinə də xüsusi töhfə verməsidir.

Bu baxımdan hava limanları ermənilərə və onların himayədarlarına ciddi mesajdır. Şübhə yox ki, yaxın günlərdə Qarabağın digər şəhərlərində hava limanlarının açılışının şahidi olacağıq”.