Səlahiyyətlərini aşırlar

Rusiya sülhməramlılarının hüquqi bazası müəyyən edilməyib

Fakt odur ki, üçüncü dövlətin qoşunları Azərbaycana, Qarabağa girib

Araz Aslanlı: "Mandat dəqiqləşməsə, 5 ildən sonra burada qalmaq qeyri-mümkündür. Bunun üçün tərəflər arasında ikili müqavilə imzalanmalıdır"


Azərbaycan dövləti Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyətindən diplomatik tərzdə növbəti narazılığını dilə gətirib. Prezidentin köməkçisi, Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin BBC-yə açıqlaması belə deməyə əsas verir. Administrasiya rəsmisi bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatları Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr üçtərəfli bəyanatı əsasən həyata keçirilir.

Hacıyevin sözlərinə görə, üçtərəfli razılaşma sülhməramlı qüvvələr üçün “siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni” müəyyən edib: “Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə müəyyən müzakirələr hələ davam edir. Tərəflər arasında ilkin kontaktlar olub. Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər”. 
Azərbaycan ictimaiyyətində rus sülhməramlılarından narazılıq kifayət qədər böyükdür.

Sülhməramlılar dəfələrlə 10 noyabr üçtərəfli bəyanatın təsbit etdiyi funksiya və mandatdan kənara çıxaraq özləri üçün əlavə “vəzifə öhdəlikləri” yaradıblar. Təbii olaraq rəsmi Bakı bundan narahatdır və müxtəlif formalarda məsələyə etirazını dilə gətirir. Onu da nəzərə alaq ki, Prezident köməkçisinin açıqlaması Rusiyanın rəsmi saytında qondarma “Dağlıq Qarabağ respublikası” qeyd olunandan sonraya təsadüf edir. Görünür, son məsələ Azərbaycan dövlətinin səbr kasasını daşdırıb. Ona görə də sülhməramlılara öz yerini göstərmək üçün əlavə hüquqi mexanizmlərin hazırlanması məsələsi gündəmə gətirilib. 

H.Hacıyevin məlum açıqlamasını “Şərq”ə dəyərləndirən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi ilə bağlı cəmiyyətdə, hətta hökumətdə birmənalı fikir yoxdur. Əsas və ümumi görüş belədir ki, müharibədən sonra bütün ərazilərimiz üzərində suverenliyimiz tam bərqərar olunsaydı, daha yaxşı olardı. Amma fakt odur ki, üçüncü dövlətin qoşunları Azərbaycana, Qarabağa girib:

“Hətta bunun zərurətdən irəli gəlməsi belə arzulanmayan haldır. Rusiya sülhməramlılarının ərazimizə daxilolma prosesi istədiyimiz şəkildə deyil. Hər halda sülhməramlılar artıq burdadır. Regional və qlobal şərait, o günün reallıqları bunu reallaşdırdı. 10 aylıq zaman keçsə də, hələ Rusiya sülhməramlılarının hüquqi bazası müəyyən edilməyib. Sülhməramlılar missiyalarına uyğun hərəkət etmirlər. Heç bir mandat yoxdur, ortada sadəcə üçtərəfli bəyannamə var. Amma bəyannamə sülhməramlıların ərazimizdə qalmasına əsas yaratmır. Beynəlxalq təcrübədə atəşkəsə nail olmaq üçün son anda, təxirəsalınmaz addım kimi sülhməramlılar ehtiyac duyulur. Əgər atəşkəsdən sonra münaqişə tərəfləri sülh prosesi ilə bağlı yol xəritəsini qəbul edib, müzakirələrə başlayırsa, üçüncü qüvvəyə ehtiyac qalmır. Bizdə yol xəritəsi olmadığı üçün sülhməramlıların qalmasına hardasa göz yumula bilər. Ancaq mütləq hüquqi baza müəyyən olunmalıdır. Sülhməramlıların mandatı qeyri-müəyyən qala bilməz. Digər mühüm məqam isə odur ki, sülhməramlılar öz missiyalarına uyğun davranmalıdır. Hikmət Hacıyev məhz bu iki məqamı diqqətə çatdırıb”. 

A.Aslanlı vurğulayıb ki, əslində hüquqi bazanın müəyyənləşməsi ilk növbədə Rusiya sülhməramlılarının özü üçün lazımdır:

“Mandat dəqiqləşməsə, 5 ildən sonra burada qalmaq qeyri-mümkündür. Bunun üçün tərəflər arasında ikili müqavilə imzalanmalıdır. Qeyd edim ki, Xankəndi ətrafında və Laçında rus sülhməramlılarının qalması üçün üçtərəfli sazişə ehtiyac yoxdur. Rus qoşunu Azərbaycan-Ermənistan sərhədində deyil, birbaşa bizim torpaqlarımızdadır. O səbəbdən müqavilə Moskva-Bakı arasında bağlanmalıdır. Bunların hamısını yoluna qoymaq olar, əsas odur ki, sülhməramlılar öz səlahiyyətlərini aşmasınlar”.