Fiziki məhdudiyyətli azyaşlını avtomobildə bağladılar: Polisdən AÇIQLAMA - YENİLƏNİB + VİDEO


Sosial şəbəkələrdə avtomobilin içərisində qapalı qalan fiziki məhdudiyyətli azyaşlı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən çıxarılıb.

Hadisə ilə bağlı Oxu.Az-ın sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, azyaşlı ailəsinə təhvil verilib:

“Hadisə paytaxtın Xətai rayonunda, Gənclik parkı yaxınlığında qeydə alınıb. Valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Polis əməkdaşlarına isə ərazidəki vətəndaşlar məlumat veriblər.

Polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüb. Uşaq avtomobildən çıxarılıb, valideynləri axtarılıb və azyaşlı ailəsinə təhvil verilib. Valideynlər bildiriblər ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”.


10:38

Bakıda azyaşlı avtomobildə çətin vəziyyətdə qalıb.

Belə ki, hadisə bu gecə qeydə alınıb. “Mercedes-Benz” markalı avtomobilin sahibi azyaşlını salonda qoyaraq qapıları bağlayıb.

Ərazidə xidmətdə olan polis əməkdaşları avtomobilə yaxınlaşaraq, qapını aça bilib və uşağı xilas ediblər. Bu zaman uşağın fiziki məhdudiyyətli olduğu müəyyənləşib.

Daha sonra isə uşağın valideynlərinin axtarışına başlanılıb.

Hadisə anı əməkdaşlar tərəfindən kameraya çəkilib.

Görüntüləri təqdim edirik: