İnternetin sürətinə görə Azərbaycan 25 pillə geriləyib

Osman Gündüz: "Ölkəmizin əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil"

"Ümid edirəm yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək"

Böyük Britaniyanın "Cable.co.uk" agentliyi yüksək sürətli internetlə bağlı dünya ölkələri üzrə statistikanı açıqlayıb. Qlobal İnternet Sürət Cədvəli 30 iyun 2021-ci il tarixinədək 224 ölkəni əhatə edən 12 ay ərzində 1,1 milyarddan çox sürət testi əsasında tərtib edilib. Cari ilin reytinq cədvəlində Azərbaycan 167-ci yerdə qərarlaşıb. Reytinq cədvəlinə görə, Azərbaycanda internetin orta sürəti 6,63 Mbit/s olub. Nəticədə Azərbaycanın mövqeyi əvvəlki siyahı ilə müqayisədə 25 pillə geriləyib. Belə ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yerdə, 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə isə 102-ci yerdə olub. "Cable"ın reytinq cədvəllərinə əsasən, son illər Azərbaycanda internetin sürəti zəifləyib.

Azərbaycan İnternet Forumunun prezident Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, Azərbaycanın əldə etdiyi nəticə potensial imkanlarımız baxımından xoşagələn bir göstərici deyil. Ekspert qeyd edib ki, reytinq cədvəlinə görə bu göstərici qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir: 

"Düşünmək olar ki, ölkənin əsas provayderləri olan "Baktelekom" və "Aztelekom" dövlət provayderlərinin böyük əksəriyyət müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub. 2021-ci ildə dünya üzrə orta sürət təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub.  Xatırlayıram ki, 2019-cu ildə bu qurumun reytinq cədvəlində Azərbaycan 208 ölkə arasında 142-ci yeri tutmuşdu. 2018-ci ildə 135-ci yerdə, 2017-ci ildə 102-ci yerdə olub. "Cable"nin reytinq cədvəllərinə görə, son illərdə Azərbaycan internetin sürətinə görə xeyli geriləyib. Son illərdə sektorda inhisarçılığın yüksək həddə olması, özəllər üçün dövlətə məxsus kabel-kanal infrastrukturundan istifadədə ciddi problemlərin olması, ölkə üzrə keyfiyyətli internet probleminin həllini ötən illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yalnız öz üzərinə götürməsi doğru yanaşma deyildi və bu da öz nəticəsini artıq göstərməkdədir".

O.Gündüz qeyd edib ki, genişzolaqlı internetə əlçatımlığı artırmaq və internetin keyfiyyətini yaxşılaşdırmaq istiqamətində NRYTN-in yeni rəhbərliyi tərəfindən hazırda dövlət və özəl provayderlərin birgə əməkdaşlığını nəzərdə tutan "dövlət-özəl tərəfdaşlığı" təşəbbüsü irəli sürülüb: "Bakıətrafı və regionların kəndlərində, yaxın 1-2 il ərzində genişzolaqlı internetin inkişafı üçün adıçəkilən təşəbbüs çərçivəsində tədbirlərə başlanıb. Hazırda Bakı ətrafında və regionlarda bu təşəbbüs çərçivəsində GPON və LTE texnologiyaları ilə evlərə internet xətlərinin çəkilişinə start verilib. Azərbaycanda keyfiyyətli internet probleminin olması dövlət başçısı səviyyəsində də vurğulanıb. Son illərin qlobal çağırışları, COVİD-19 pandemiyası da internetin, rəqəmsal sektorun inkişafını xeyli stimullaşdırıb. Ümid edirəm yaxın zamanlarda yaradılması nəzərdə tutulan Müstəqil Tənzimləyici qurumun formalaşması da sektorda ciddi canlanma yaradacaq, rəqabətli mühiti inkişaf etdirəcək. İnanıram ki, nazirlik özəl provayderlər üçün münbit şərait yaratmaqla, dövlət-özəl tərəfdaşlığını özəllər üçün cəlbedici və əlçatan etməklə, magistral infrastrukturun qurulmasına yetərincə investisiya ayırmaqla, bütün ölkə üzrə keyfiyyətli internet problemini yaxın bir-iki ildə tam həll edə biləcək".

Aynurə Pənahqızı