Şəhidlərimizin adına sinif otaqları yaradılır

Sosioloq-alim təşəbbüsləri yüksək qiymətləndirib

Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin xatirəsinə sinif otağı yaradılıb.

Demək olar ölkədə bütün məktəblərdə Vətən müharibəsi şəhidlərinin adına sinif otaqları mövcuddur. Müxtəlif yaşlı şagirdlər şəhidlərimizin adını daşıyan sinif otaqlarında təhsil alır, beləliklə onları unutmayıb, daim xatırlayırlar. 
Məsələn, Ağdam rayon 32 nömrəli tam orta məktəbdə də C.Dövlətzadə adına sinif otağı var. Bundan əlavə Laçın rayon 10 saylı tam orta məktəbdə Vətən müharibəsi şəhidlərindən biri, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Hüseynov Rəhim Qədir oğlunun da xatirəsi əbədiləşdirilib. Nəticədə 1b sinif otağına mayorun adı verilib.

Mövzu haqda “Şərq”ə danışan sosioloq-alim Əhməd Qəşəmoğlu sözügedən təşəbbüsü yüksək qiymətləndirib:

“Bu, uşaqlarımıza vətənpərvərlik hisslərinin aşılanmasına kömək edəcəkdir. Uşaq biləcək ki, sinif otağına adı verilən şəhidimiz Vətənin keşiyində dayanıb, torpaqlarımızın azad edilməsi uğrunda canından keçib. Həm də onun çiyninə məsuliyyət qoyulur, özünə də vətənpərvərlik hissləri aşılanır”.