Zəfər tariximizin ən böyük amnistiya aktını gətirdi


Cavid Osmanov: "Bütün sahələrdə Azərbaycan yeni mərhələyə qədəm qoyur"

"Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman vətəndaş amili olub". 
Bu fikirləri "Şərq"ə açıqlamasında millət vəkili Cavid Osmanov deyib. Millət vəkili qeyd edib ki, Cənab Prezidentimiz tərəfindən hər zaman humanizm prinsiplərinə böyük üstünlük verilib:

"Qeyd etmək lazımdır ki, humanizmi ölkəmizdə bu istiqamətdə inkişaf etdirən məhz Ümummilli Lider Heydər Əliyev olub. 2003-cü ildən bugünə kimi də möhtərəm Cənab Prezidentimizin rəhbərliyi altında Azərbaycan siyasətinin mərkəzində humanizm prioritet yer tutur. Biz dəfələrlə bundan öncə də görmüşük ki, Cənab Prezidentimiz tərəfindən müxtəlif vaxtlarda və ondan əvvəl Ulu Öndərimiz Heydər Əliyev tərəfindən zaman-zaman amnistiya aktları qəbul olunub və yüzlərlə, minlərlə insan bundan bəhrələnərək azadlığa buraxılıb. Eyni zamanda, ölkəmizin vitse-prezidenti, Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə bir neçə dəfə də amnistiya aktı qəbul edilib. Bu gün ölkəmiz artıq 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar gətirib. Vətən müharibəsindən sonra bütün sahələrdə Azərbaycan yeni mərhələyə qədəm qoyur. Zəfər tariximizin birinci ildönümü ərəfəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisə daxil olmuş amnistiya aktı müstəqil Azərbaycan tarixinin ən böyük amnistiya aktıdır. Çünki burada istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi dövründə şəhid olmuş insanların ailə üzvləri, qazilərimiz, Vətən müharibəsi iştirakçıları, Çernobıl əlilləri və s. bir çox təbəqələri əhatə etməklə, çox böyük amnistiya aktı Milli Məclisə daxil olub. Bölgəmiz tarixinin ən parlaq günü sayılan Zəfər Günü ərəfəsində əlbəttə ki, belə bir amnistiya aktı bu günə kimi qəbul edilmiş amnistiya aktları içərisində ən böyüyüdür. Prezident Cənab İlham Əliyevin nə qədər humanist siyasət yürütdüyünü artıq bütün dünya bir daha görmüş olacaq".