İnsanlar hüquqlarını biləcək

Deputatlar AzTV-də qanunları izah edəcək

“Bələdiyyələrin statusu artırılmalıdır”. Bu barədə Milli Məclisin dünən keçirilən iclasında “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib. Millət vəkili bildirib ki, bələdiyyələrin maliyyə resursları çox məhduddur: “Dünyanın bir çox ölkələrində bələdiyyələr mənzil tikintisinə icazə verir. Yavaş-yavaş icra hakimiyyətlərindən səlahiyyətlər alınıb bələdiyyələrə verilməlidir. Bu qədər mərkəzləşməyə ehtiyac yoxdur”. Deputat bildirib ki, insanlar çox vaxt qanunları, hüquqlarını bilmir. 
Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, Azərbaycan Dövlət Televiziyasında parlamentlə bağlı proqramlar işıq üzü görür: “Proqramlarda qanunlara izahat verilməsi ilə bağlı bir rubrika nəzərdə tutulur. Bizim həmkarlarımız bu rubrikada çıxış edəcəklər”.