İki komitə sədrinin valideynlərə canı yandı

Uşaq qidaları və bezlərə əlavə dəyər vergisi ləğv edilsin!

Milli Məclisin iclasında iki komitə sədri uşaq qidaları və bezlərinin ƏDV-dən azad olunmasını təklif ediblər. 

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib ki, uşaq qidaları və bezlərinin əlavə dəyər vergisindən azad olunması yaxşı olardı. Deputat bildirib ki, bu, minlərlə azərbaycanlı gənc ailələrin əsas problemidir: 

“Qonşu Gürcüstanda hətta uşaq geyimləri ƏDV-dən də azaddır. Azərbaycanda da uşaq qidaları və bezlərə əlavə dəyər vergisi ya ləğv edilsin, ya da azaldılsın. Uşaqların qidalanması onların bütün gələcəyi ilə bağlıdır. Bu, bizim genefondumuzdur. Kifayət qədər az və orta təminatlı ailələr üçün uşaq qidaları və bezlər bahalıdır. Biz çox xahiş edirik ki, boşanan ailələrin, aliment ala bilməyən anaların sayını nəzərə alaraq, gənc ailələrə dəstək məqsədilə uşaq qidaları və bezlərə tətbiq edilən ƏDV azaldılsın. Bu ailələrə dəstək olardı. Bu məsələyə baxılması vacibdir”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də uşaq qidaları və bezlərinin ƏDV-dən azad olunmasını vacib sayıb: 

“Nə uşaq qidaları, nə də uşaq bezləri Azərbaycanda istehsal olunur. Hökumətdən xahiş edirəm ki, bu istiqamətdə iş aparsın. Bu iş iki istiqamətdə aparılmalıdır. Birincisi, ölkədə bu məhsulların istehsalına başlanılmalı, ikincisi, bu məhsulların ya güzəştli şərtlərlə vergidən azad olunması, ya da ƏDV-dən azad olması yaxşı olardı”.