Tovuz atəşə tutuldu:“Hər təxribatda düşmənə dərs verməliyik”

17 və 18 noyabr tarixlərində Tovuz istiqamətindəki mövqelərimizdə  yenidən gərginlik yaşanıb. Ermənistan silahlı qüvvələrinin bölmələri  noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar. 

Eyni zamanada , bu gün  saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmayıb.
Son iki gündə Tovuzdakı mövqelərimizin  Ermənistan tərəfindən  intensiv atəşə tutulması bir çoxlarına ötənilki Tovuz hadisələrini xatırladır. Bu hadisələr  İkinci  Qarabağ savaşının başlamasında qığılcım rolunu oynamışdı. Maraqlıdır belə olduğu halda  genişmiqyaslı əməliyyatlar başlana bilərmi?

  Bu barədə “Sherg.az”a danışan   Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu  bütün bu təxribatların  Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi bağlanmasının uzadılmasına və rus sülhməramlılarının ərazidə daha çox qalmasına xidmət etdiyini bildirib: 

“Ermənistan rəhbərliyi sülh müqaviləsinin bağlanması ilə bağlı addımlar atmalıdır.Əks halda ermənilər özləri bu təxribatların qurbanı olacaqlar. Doğrudur biz  də qurbanlar veririk, amma onlar başa düşməlidirlər ki, bütün hallarda onların qurbanları daha çox olacaq”.  

Partiya  sədri  vurğulayıb ki, Azərbaycan bundan sonra  qətiyyətli mövqe tutmalı, hər bir təxribatda düşmənə yeni bir dərs verməlidir: 

“Belə olduğu təqdirdə rəsmi İrəvan nəhayət bu avanturist siyasətinə davam etməz. Bundan sonra da düşmən  təxribat xarakterli addım atsa, biz təbii olaraq buna cavab verəcəyik. Xalqımız buna hazır olduğunu İkinci Qarabağ savaşında əyani şəkildə sübut etdi”. 
ADP sədri hazırda heç bir müharibə təhlükəsinin olmadığını  diqqətə çatdırıb.