“Vətən hər zaman kasıbların olub”

 Son günlər  Ermənistan- Azərbaycan sərhəddində  yaranmış gərginlik hər iki tərəfin itkilər verməsi ilə nəticələndi. Azərbaycan tərəfdən erməni təxribatçıları ilə mübarizədə yeddi igid, qəhrəman oğul vətən uğrunda şəhid oldu, yaralılarımız da var. Bununla bağlı sosial şəbəkələrdə bir sıra ziyanlı fikirlər səslədirilir. 
Belə hallarda nəyə görə məhz  kasıb övladlarının qurban olması  mövzusu ətrafında insanlar polemika aparılır. Bəs istər ikinci Qarabağ savaşı ,istərsə də indiki dönəmlərdə  toplumda xaos yaradan, insanları ruhdan salan bu cür  zərərli düşüncələr niyə “ayaq açıb yeriyir”.

Məsələyə münasibət bildirən Qarabağ qazisi Kamil Musavi  “Sherg.az”a söyləyib ki, insanlar  gördükləri nə varsa, onları  daha real qəbul edirlər:

 “Hər kəs İkinci Qarabağ savaşında iştirak edib şəhid  olanların əksəriyyətinin çox  kasıb ailələrdən çıxan vətən oğullar olduğunun şahidi oldu. Bu səbəbdən insanlar  durumu dəyərləndirib belə olduğuna qərar veriblər. Ümumiyyətlə, Vətən hər zaman kasıbların olub”.

Qarabağ qazisi kasıb vətən oğullarının imkanlı ailələrin övladlarına baxıb ruhdan
 düşməkdənsə, qəhrəman kasıb oğullara baxıb daim fəxr etmələrini istədiyi vurğulayıb: 

“Kasıb insanlar daim bu xalqın dayağı və qoruyucusudur. Hazırda  cəmiyyətdə hökm sürən fərdlərin bu yanaşmasını yanlış kimi qəbul etmək olmaz. Məlumdur ki,  gözün qəbul etdiyi informasiyada həqiqət payı daha yüksək olur. Görünən durum da budur”.