TikTok-un“tok” effekti: “Döyüş videolarının yayılması...”


“Hərbi qulluqçuların  android telefonlarla çəkdikləri videoların qarşısı alınmalıdır”


Ötən həftələrdə Ermənistan-Azərbaycan sərhəddində  vəziyyətin gərginləşməsi informasiya təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.Bu cür gərgin hallarda əksər insan tərəfindən real təhlükə obyekti kimi qiymətləndirilən TikTok, İnstaqram və digər  sosial şəbəkələrə məhdudiyyət qoyulması nə dərəcə məqsədəuğundur?     

   Bu barədə “Sherg.az”a danışan hərbi ekspert Ramil Məmmədli  bildirib ki,ümumi sosial şəbəkəyə yox, məhz təhlükə yarada biləcək  informasiyaları  sosial şəbəkələrə təqdim edən şəxslərə məhdudiyyət qoyulmalıdır:

“İnzibati qaydada  belə halların qarşısını  almaq lazımdır. Deyək ki, məsələn döyüşlərdə erməni tərəfdən alınan əsirlərin döyülmə anını əks etdirən bir video yayılıb. Əlbəttə, hər bir azərbaycanlı üçün milli təəssübkeşlikdən yanaşsaq, düşmən tərəfin döyülməsi məqbul və sevindiricidir. Amma məsələnin digər tərəfi də var. Sonradan bu video görüntülər Azərbaycan dövlətinin hansısa bir beynəlxalq təşkilat qarşısında hesabat verməsinə gətirib çıxara bilər. Necə ki, 2020-ci ilin iyul ayında  Tovuz döyüşlərindən sonra təmas xəttini keçən erməni kəşfiyyatçının döyülməsini əks etdirən video sonradan rezonans doğurdu. Bu mənada məsələnin mənbəyini aşkar etmək və qarşısını almaq lazımdır. Ordumuz bizim başımızın tacıdır. Amma bəzi məqamlar var ki onlara diqqət yetirmək lazımdır. Bu da döyüşlərdə çəkilən videogörüntülərin  sosial şəbəkələrdə yer almasıdır”. 

Hərbi ekspert həmin videoların  yayılma prosesinə diqqət çəkib: 

“Döyüşdə iştirak etmiş hərbçi  öz sevincini bölüşmək üçün  video çəkir. Öz yaxınlarını sevindirmək məqsədilə  həmin videonu onlaradan birinə göndərir ki, onun qəhrəmanlığını görsünlər. Ya onun  bu görüntüləri göndərdiyi, ya da sonrakı üçüncü, dördüncü şəxs onu sosial şəbəkələrdə paylaşır. Nəticədə bütün sosial şəbəkələr və mediada  yayılır”.

 R.Məmmədli  birmənalı şəkildə hərbi qulluqçuların  android telefonlarla çəkdikləri videogörüntülərin yaymasının qarşısının alınmalı olduğunu vurğulayıb. Hərbi ekspert sonda  yalnız belə olduqda  problemin həllini tapacağını
 əlavə edib.