Bir neçə aya vəziyyət dəyişəcək

Saakaşvili xaricə getmək istəyən vətəndaşlara ölkədə qalmağı məsləhət gördü

Keçmiş prezident son gedişatını edir, indiki halda Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran Qərb üçün sərfəli deyil


Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran vətəndaşlara müraciət edib. Keçmiş rəhbər Gürcüstanı tərk etmək niyyətinə düşənlərə ölkədə qalmağı məsləhət görərək, hökumətə qarşı mübarizəyə səsləyib. Saakaşvili iddia edib ki, bir neçə aylıq mübarizədən sonra vəziyyət dəyişəcək: 

“1 milyon soydaşımız iş və gəlir əldə etmək üçün xaricə getməyi düşünür. Öz təcrübəmə əsaslanaraq, deyirəm ki, xaricdə layiqli yer tutmaq çox çətindir. Başa düşürəm, çox çətin dolanırsız. Amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət və özünü tam hüquqlu bir insan kimi dərk etmək lazımdır. Bütün bunlar mühacir üçün çox çətindir. Bilməlisiniz ki, siz uzun müddət ikinci dərəcəli şəxs olacaqsınız. 

Bu o deməkdir ki, istedadınıza və ixtisasınıza uyğun işləyə bilməyəcəksiniz. Həm də savadsız bir yerliyə xidmət etməli olacaqsınız. Gəlin qarşıdakı həftələrdə, 2-3 ayda birlikdə mübarizə aparaq. Sizə zəmanət verirəm ki, nəinki vəziyyət dəyişəcək, hər biriniz gələn ilin sonuna kimi ən azı Polşada, Yunanıstanda və hətta Almaniyada qazandığınız qədər gəlir əldə edəcəksiniz. Siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, mən sizə heç vaxt yalan danışmamışam”. Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. Noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəsinə başlanılıb. 50 gün aclıq aksiyası keçirən siyasətçi səhhəti pisləşdiyi üçün noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. Eks-prezidentin tərəfdarları isə hökumətə qarşı etiraz aksiyalarını davam etdirməkdədir. 

Sabiq dövlət başçısının gürcülərə çağırışı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli Saakaşvilinin tövsiyələrinin effektsiz olacağını düşünür. Analitikin qənaətincə, sadəcə, 20-30 adamın siyasətçiyə qulaq verməsi nəticəyə təsir göstərməyəcək: 

“Hansısa gürcü ölkəni tərk etmək qərarı alıbsa, deməli, ümidini tamamilə üzüb. Gələcəyə zərrə inanan şəxs vətənindən birdəfəlik getmək haqqında düşünməzdi. Gürcülər yaxşı bilirlər ki, dəstək vədlərinin, “siz başlayın, biz arxanızdayıq” şüarlarının heç biri özünü doğrultmayıb. Həm də Gürcüstan artıq elə durumda deyil ki, bir siyasətçiyə görə xalq üsyana qalxsın. Saakaşvili zənn edirdi ki, ölkəyə gəlişi və həbsi ilə gürcüləri ayağa qaldıracaq. Amma ciddi yanıldığını öyrəndi. Məncə, Gürcüstandakı real vəziyyəti görən Saakaşvili sonuncu gedişlərini edir”. 

Ekspert vurğulayıb ki, Saakaşvilinin həbsdə qalması Tbilisi hökuməti üçün başağrısı olsa da, hökumət rahatdır: 

“Hələlik beynəlxalq təşkilatlardan bu həbsə görə ciddi reaksiyaların şahidi olmamışıq. Əgər belə bir hal Türkiyədə olsaydı, əmin olun ki, dünyanı ayağa qaldırmışdılar. Gürcüstanla bağlı reaksiyalar isə çox zəifdir, demək olar ki, yoxdur. 

Bu da onu göstərir ki, indiki halda Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran Qərb üçün sərfəli deyil. Əgər hakim “Gürcü Arzusu” öz üzərində yetərli təzyiq hiss etsəydi, Saakaşvilini həsbdə saxlamazdı”.