Sərhəddə atəş səsləri gəlir

Narkoticarətin arxasında siyasi dairələr durur

İran tərəfi qəsdən və bilərəkdən narkotik maddələrin, qaçaqmalçıların Azərbaycana keçidinə imkan yaradır

İran-Azərbaycan sərhədində növbəti dəfə insident baş verib. Dekbarın 7-də Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında Dövlət Sərhəd Xidmətinin zastavasının xidməti ərazisində 2 nəfər naməlum şəxs Azərbaycana qanunsuz keçməyə cəhd göstərib. Sərhəd zastavasının “dayan” əmrinə məhəl qoymayan qaçaqmalçılar naryada qarşı odlu silahdan atəş açıblar.

Əllərindəki 2 ədəd bağlamanı ataraq hadisə yerindən qaçmağa çalışan şəxslərdən biri sərhədçilərimiz tərəfindən zərərsizləşdirilib. Hadisə yerinə baxış zamanı 2 ədəd bağlamada 4 min 270 ədəd “Marlboro”, “Kent”, “More” markalı siqaret qutusunun olması müəyyən edilib. Hadisə barədə İran tərəfi məlumatlandırılıb və DSX-nin vəzifəli zabitləri zastavaya ezam olunublar. Dəfələrlə vurğulandığı kimi bu sahədə problem yaşadığımız yeganə sərhəd İran-Azərbaycan sərhədidir. Müəyyən müddətdən bir cənub qonşumuzla sərhəddə insident yaşanır, hətta ölüm hadisələri də baş verir. Dəfələrlə İran tərəfinə bununla bağlı müraciət olunsa da, Tehran hökuməti ciddi addım atmır. Sanki Azərbaycanla sərhəd qəsdən nəzarətsiz buraxılır. Hətta qaçaqmalçıların, narkoticarətin arxasında müəyyən siyasi dairələrin durduğu da iddia edilir. 

İranla sərhəddə mütəmadi yaşanan problemləri “Şərq”ə təhlil edən politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, İran tərəfi qəsdən və bilərəkdən narkotik maddələrin, qaçaqmalçıların Azərbaycana keçidinə imkan yaradır. Analitikin fikrincə, İranın yüksək siyasi şəxsləri narkoticarətin arxasında dururlar: 

“İllərdir İranla sərhəddə eyni problemlərin təkrar-təkrar yaşanması bununla bağlıdır. Tehran hökuməti bu məqamdan yeri gəldikcə Azərbaycana qarşı təzyiq vasitəsi kimi də istifadə edir. Müharibə və İranla kəskin münasibətlər yaşandığı günlərdə kilolarla narkotik maddələri və digər məhsulları Azərbaycana keçirməyə cəhd göstərdilər. Hətta silahlı toqquşmalar da yaşandı. İndi də bu cür halların şahidi oluruq. İran əsasən, Göytəpə və Füzuli istiqamətində qanunsuz gediş-gəlişlərə imkan yaradır. Məqsəd ölkəmizdən narkotrafik kimi istifadə etmək, eyni zamanda təxribat törətməkdir. İranla münasibətlər normallaşsa da, müxtəlif istiqamətdə razılaşmalar olsa da, Tehran hökuməti sərhəd məsələsində manipulyasiya siyasətindən əl çəkmək istəmir. Görünür, İranda bunu tələb edən müəyyən dairələr var və bu məsələdə onların hökmu keçir”.