Nüşabə Vəkilova:“Vaqifsiz mənə çətindir” 



Bu gün xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. Xalq şairinin vəfatından 7 il ötür. V.Səmədoğlu 1939-cu ilin 5 iyununda xalq şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. İxtisasca musiqiçi olsa da, bu sahədə az fəaliyyət göstərib. “Yeddi şeir” adlı əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında çap olunur.  

Müxtəlif illərdə “Yoldan Teleqramlar”, “Günün Baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gölçöhrə yazıları”, “Sandıq şeirləri” adl kitabları çap olunur. “Bəxt üzüyü”, “İntizar”, “Yayda qartopu oyunu”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və başqa pyesləri dövlət teatrlarında tamaşaya qoyulur.   Ssenarisi əsasında iyirmidən çox film və televiziya tamaşası ekranlaşdırılıb.  Sözlərinə Tofiq Quliyev, Emin Sabitoğlu, Eldar Mansurov kimi bəstəkarlar musiqi bəstələyib. 
Vaqif Səmədoğlu 2015-ci il yanvarın 28-i dünyasını dəyişib, Birinci Fəxri xiyabanda dəfn olunub.
 “Məzarıma nə baş daşı qoyun, nə heykəl.

 Bir cüt ayaqqabı qoyun, ayağıyalın geyib getsin...”- yazan şairin vida mərasimində oxucularından biri məzarının üstünə bir cüt ayaqqabı qoyur.

“Sherg.az”saytı xalq şairinin anım günü münasibətilə onun həyat yoldaşı Nüşabə Vəkilova ilə əlaqə saxlayıb.
Nüşabə xanım deyir ki, onun V.Səmədoğlu haqqında xatirələrindən ibarət kitabı  çapdan çıxıb:

“Dünən “Mən sənin yuxunam”adlı kitabım nəşr edildi. Mənə çətindir. İllər heç nədir, heç nə. Sevdiyin insanın qarşısında bunların hamısı heç nədir. Nə demək istədiklərimi həmin kitabda əks etdirmişəm. Dünyanın, həyatın, özümün də rəngi o kitabda yazılıb”.