BNA-dan razı qalan günümüz olacaq?

Sərnişinlərin narazılıqları bitmək bilmir

Şənbə və bazar günləri avtobuslar 40 dəqiqə intervalla işləyir

   Şənbə-bazar günləri ictimai nəqliyyatın işindən narazılıq edilir. Həftə içi 10 dəqiqə intervalla işləyən avtobuslar şənbə-bazar günləri daha uzun zamanlı, hətta 40 dəqiqə intervalla işləyir. Halbuki, işləyənlərin bir qismi üçün şənbə və bazar istirahət günləridirsə, bir qisim üçün adi iş günüdür. Avtobuslararası intervalın uzanması isə işə gedib-gələnlərə çətinlik yaradır. Xüsusən də nəzərə alsaq ki,  “Covid”in yeni “Omicron” ştammının yoluxuculuq qabiliyyəti daha yüksəkdir, basabas avtobuslarda yoluxma riski də artır. İctimai nəqliyyatın işindən narazılıq haqda bazar günü sosial şəbəkədə də müzakirə açılıb. “525-ci qəzet”in baş redaktor müavini, publisist Yusif  Rzayev  32 saylı avtobusu 40 dəqiqə gözlədiyini yazıb. Həmçinin sürücülərin davranışından da şikayətlənib: 

“BNA-nın sürücüləri özlərini çox tərbiyəsiz aparır… A kişi, 40 dəqidə interval olar? Camaat 40 dəqiqəyə kosmosa gedib gəlir… siz bir xətti idarə edə bilmirsiniz?”.
Sosial şəbəkədəki “sərnişinlər”in də, dərdləri təzələnib. İctimai nəqliyyatdan narazılıq bildiriblər, üstəlik, sürücülərin kobud davranışından da gileyləniblər.          
Məhərrəm Nəcəfzadə: Eynən 6 nömrəli marşrut avtobusu kimi. 
Almaz Ülvi Binnətova: 6 saylı avtobus 30-40 dəqiqəlik intervalla gəlir və basabasda dünya aləm dəyir biri-birinə. 
Adil Osmanov: BNA-nın devizi belədir: "Dəyirman öz bildiyini edir. Çax-çax baş ağrıdır"
Zərifə Bəşirqızı: Siz 52 nömrəli avtobusdan danışın. Xəttə iki maşın çıxır. İnterval 40 dəqiqə - tez gələndə. Beşmərtəbə - 4-cü mikrorayon.
Zaur Ustac: Var olun. Allah sizi qorusun. Hamısı doğrudur. Hələ Siz yalnız bir kiçik problemdən yazmısınız... Müntəzəm istifadəçilər hər gün həyatlarını sadəcə təhlükəyə atırlar...
Nusrət Quliyev: Hələ sərnişinləri aldatdıqlarını demirəm. Bir dayanacaq gedən də 30 qəpik ödəyir, 10 (on) dayanacaq gedən də. Bu sərnişinləri soymaqdır… 

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət etdik. Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev “Şərq”ə açıqlamasında qeyd etdi ki, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət intervalı və gündəlik xəttə çıxan avtobus sayı sərnişin tələbatına uyğun olaraq tənzimlənir:

- Həftənin iş günləri ilə müqayisədə şənbə və bazar günləri sərnişin səfər sayı nisbətən aşağı olduğundan intervallar da bir qədər uzanır. Amma təbii, bu, sui-istifadə hallarına yol açmamalıdır. Sərnişindaşıma şirkətlərinə bununla bağlı tapşırıqlar verilib. 

M.Ağayev sərnişinlərin konkret hansı xətt üzrə hərəkət edən avtobuslardan narazı olmalarını qeyd etməyimizi istədi və problemin araşdırılacağını bildirdi.