Qız qaçırma, yoxsa insan oğurluğu? – “Bu hal sanki adətə çevrilib” – Maariflənmə gücləndirilsin!

Azərbaycanda hələ də bəzi bölgələr qız qaçırma hadisələrinə rast gəlinir.  Məhəbbətin qüdrəti gəncləri qoşulub qaçmağa vadar etsə də,  bununla bağlı durumlar qanunla tənzimlənir. 

Cinayət Məcələsində göstərilir ki, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12-ilə qədər həbs cəzası, olay tamah məqsədilə törədilibsə, həmin şəxs 8 ildən 12 ilə qədər müddətə azadlıqdan məhrum olunur. 

Qız qaçırmaq hər iki ailənin gənclərin izdivacına razı olmayanda, yaxud qızın oğlanı istəmədiyi vaxt baş verir. Bu “ənənə”nin qədim ritualın elementi olduğunu desək, yanılmarıq.

Məlum olaydan danışan sosioloq Rəşad Əsgərov Azərbaycan cəmiyyətində toy münasibətlərinin həmişə xüsusi önəm daşıdığını bildirib:

“İnsanlar evlilik günlərini daha çox  təmtəraqlı formada keçirməyə meylli olurlar. Amma bəzi bölgələrdə, xüsusilə Qərb  bölgəsində toy, nişan mərasimindən əlavə qız qaçırma kimi evlilik şəkli var.  Qız qaçırma Qərb bölgəsində sanki adətə çevrilib. Bəzən həmin bölgədə qızı qaçırıb, sonra toy edirlər. Və yaxud qız tərəfin oğlan tərəflə müəyyən problemləri müşahidə edilir, ailələrin bir-birinə uyuşmaması səbəbindən qızın oğlanla ailə qurmasına razılıq vermirlər. Belə halda  gənclər qoşulub qaçırlar. Qaçma prosesi  həmin bölgə üçün formal xarakter daşıyır, elə də təəccüb doğuran hal deyil”.

 Sosioloq belə hadisələrin səbəblərini açıqlayıb:

“Pandemiya dövründə  işsizlik, sosial həyatdan təcrid olmaq, el şənliklərinin keçirilməsinə məhdud şəkildə icazə verilməsi insanları problemin həllində, bəlkə də, əvvəllər təsdiqləmədikləri formanı praktiki təcrübədə istifadə etmək zərurətini yaradıb. Beləliklə, kütləvi tədbirlərə icazə verilmədiyi üçün bu yoldan istifadə edərək gənclər qeyri-ənənəvi üsulla keçirməyə başlayıblar.

Bəzən qız qaçırma durumunda bir-birinin xarakterlərini bilmədən ani tanışlıq nəticəsində qız qaçırma, nikah məsələsini aktuallaşdırır. Sonra ailələr arasında narazılıqlar, boşanmalarla nəticələnir. Qız qaçırma məsələsində gənclər  prosesin nəticələri haqqında düşünməli, bir-birlərini tanımalıdırlar. Bir müddətdən sonra  ölkədə boşanma faizinin artmasına bu və ya digər dərəcədə təsir göstərə bilir.

Cənub bölgəsi, Bakı və  Bakı kəndlərində qız qaçırma hadisəsi ailələr,  qohumlar arasında böyük gərginliyə, münaqişəyə səbəb olur. Ölüm halları, fiziki xəsarət durumlarına rast gəmək mümkündür”.