Məscidlərin fəaliyyəti nəzarətə götürülməlidir

Bununla yanaşı cəmiyyətdə dini maarifləndirmə işləri gücləndirilməlidir

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlama yayaraq, ölkə ictimaiyyətinə çağırış edib. Komitə ilk olaraq bəyan edib ki, Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitlik şəraitində dini tolerantlığın və multikultural dəyərlərin inkişaf etdiyi, bütün dini konfessiyalara bərabər münasibətin göstərildiyi, dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğu, dini-mədəni müxtəlifliyin qorunduğu dövlət kimi tanınır. 

Dünyanın nüfuzlu dövlət xadimləri, dini liderləri, elm və mədəniyyət nümayəndələri Azərbaycanın dövlət-din modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirirlər. 

Buna görə də qlobal səviyyədə dini həmrəyliyə, dinlərarası və mədəniyyətlərarası dialoq mövzusuna həsr olunmuş beynəlxalq tədbirlərin müxtəlif vaxtlarda Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bütün bunlar Azərbaycanda dini münasibətlərin konstitusion normalara əsaslandığını, vicdan və dini etiqad azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha əyani şəkildə göstərir. 

Vurğulanıb ki, ölkəmizdə ictimai-siyasi sabitlik daha da möhkəmlənib. Makroiqtisadi sabitlik və yüksək iqtisadi artım təmin edilib. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində 44 günlük Vətən müharibəsində şanlı qələbənin əldə edilməsi regional və beynəlxalq səviyyədə ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Cəmiyyətin bütün sahələrində olduğu kimi, vicdan və dini etiqad azadlığının təmin edilməsində, dini-mədəni müxtəlifliyin qorunmasında ulu öndər Heydər Əliyevin milli ideologiya səviyyəsinə qaldırdığı azərbaycançılıq məfkurəsi mühüm rol oynayır. Prezidentin sərəncamları ilə tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilir, yeniləri tikilir. Dini qurumlara mütəmadi olaraq maliyyə yardımları ayrılır. O cümlədən milli-mənəvi və dini dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq hərtərəfli addımlar atılır. 

Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağa səfərləri zamanı ilk olaraq məscidi ziyarət etməsi, bərpa-quruculuq işlərinin məhz dini ibadətgahlardan başlaması, Qarabağa və Şərqi Zəngəzura səfər zamanı yeni dini ibadət yerlərinin təməlinin qoyulması ölkə rəhbərliyinin dini-mənəvi irsə göstərdiyi diqqətin parlaq ifadəsidir. Qeyd etmək istərdik ki, Azərbaycan yenidən müstəqilliyini qazananda respublikada cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2253-dür. Bugünədək 992 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onlardan 955-i islam, 37-si isə qeyri-islam təmayüllüdür. 

Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. Amma görünən odur ki, Azərbaycanın uğurlarından və mövqelərinin daha da güclənməsindən narahat olan bəzi dairələr vətəndaşların dini inancından sui-istifadə etməklə məkrli, destruktiv əməllərə rəvac verirlər. Aydındır ki, bu tipli çirkin “əməllər” multikultural və tolerant dəyərlərə söykənən Azərbaycan cəmiyyəti tərəfindən birmənalı olaraq rədd edilir. Demokratiya, qanunun aliliyi, unitarlıq və dünyəvilik prinsiplərinə söykənən Azərbaycan Konstitusiyasının əsaslarına zidd olaraq siyasi idarəçiliyi və həyat tərzini “şəriət qaydaları” adı altında təbliğ edən, özündə bir neçə nəfəri birləşdirən “təşkilat” və yaxud dərnək səviyyəli qruplar əslində dini pərdə altında gizlənmiş, insanların inanc və dini hisslərini istismar edən pozucu elementlərdən başqa bir şey deyil. 

Əminliklə demək olar ki, bu cür elementlərin fitnəkar əməllərini xalqımız böyük ikrah hissi ilə qarşılayır və buna görə də onların çirkin niyyətləri beşiyindəcə iflasa məhkumdur. Bu cür qərəzli və qeyri-sağlam mövqe tutan şəxslərə “dini təhsil” verib “ruhani” kimi yetişdirən bəzi xarici dövlətlərin dini mərkəzləri və digər təşkilatları 30 il düşmən tapdağı altında qalan və donuz axuru kimi istifadə edilən məscidlərimizə görə bir dəfə də olsun erməni qəsbkarlarına etiraz etməyiblər. 

Lakin onlar bu gün öz “kadrlar”ı vasitəsilə məscidləri inşa və bərpa edən, islami dəyərləri daim uca tutan Azərbaycanda “İslamı müdafiə” adı altında pozucu fəaliyyətə əl atırlar. Sosial mediada dövlət qurumlarının əleyhinə şər və böhtan kampaniyasına rəvac verirlər. Sülh və barışa böyük önəm verən islam dəyərlərindən sui-istifadə edərək süni gərginlik yaratmağa səy göstərirlər. O baxımdan Dini Komitə hesab edir ki, Azərbaycana qarşı din pərdəsi altında ideoloji təxribatlar törətməyə cəhd göstərən pozucu təşkilatların təsiri altına düşmüş, ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq xülyası ilə yaşayan bu cür qruplar, onların havadarları çirkin niyyətlərindən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, Azərbaycanda dünyəvi və demokratik dəyərlərə sadiq, milli kimliyinə hörmətlə yanaşan sağlam cəmiyyət və gənclik var. Ölkəmizdə aparılan dövlət siyasətinin əsas qayəsini məhz Vətənin bütövlüyü, Azərbaycanın tərəqqisi, vətəndaşların sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması təşkil edir.

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, dövlət tərəfindən din sahəsində çox mühüm işlər görülür. Deputat bildirib ki, qarşımızda önəmli vəzifələr var və onlardan biri də dini təhlükəsizliyin təmin edilməsi, təhdidlərin qarşısının alınmasıdır:

 “Azərbaycanda fəaliyyət göstərən dini qurumların, icmaların fəaliyyəti çox ciddi şəkildə təhlil olunmalı, araşdırılmalıdır. Xüsusən, radikal yönümlü fəaliyyət icra edən bütün dini icmalar qadağan olunmalıdır. Belə icmalara rəhbərlik edən şəxslər də ciddi təftiş edilməlidir. 

Xarici qüvvələrə işləyən və onları təbliğ edən şəxslərin fəaliyyətinə son verilməlidir. Eləcə də yeni din konsepsiyasının qəbul olunmasına ehtiyac var. Bununla yanaşı, cəmiyyətdə dini maarifləndirmə işləri gücləndirilməlidir. 

Məscidlərin fəaliyyəti də nəzarətə götürülməlidir. Bu da çox önəmli məqamdır. Eyni zamanda aidiyyəti qurumların fəaliyyəti artırılmalıdır. Dini Komitə və din xadimləri çalışmalıdırlar ki, bu sahədə maksimum diqqətli olsunlar”.