Şəhid övladları göz bəbəyimizdir

Dövlətin dəstəyi ilə onlar sanator-kurort və bərpa-müalicə xidmətlərindən pulsuz faydalanırlar

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı



     Uşaqlar xalqın ən qiymətli sərvəti, cəmiyyətin gələcəyidir. Bu gələcəyin möhkəm təməllər üzərində qurulması uşaqların sağlam və cəmiyyətə faydalı vətəndaş kimi böyüdülməsindən əhəmiyyətli dərəcədə asılıdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.
     Uşaqların fiziki və mənəvi inkişafı üçün də əsas şərt onların sağlamlığıdır. Uşaqların keçirdikləri müxtəlif xəstəliklərin müalicəsində reabilitasiya, tibbi bərpa prosedurları mühüm əhəmiyyət kəsb edir. 
     Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlarla bağlı nəzərdə tutulan mütərəqqi tədbirlər prioritet  sahələrdən biridir.  Respublika bu kateqoriyadan olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər xüsusi önəm kəsb edir. Onların bərpa müalicəsinin təşkili, müxtəlif reabilitasiya vasitələri ilə təminatı bu sosial kateqoriyanın nümayəndələrinin cəmiyyətə daha sağlam inteqrasiya olunmasına imkan yaradır.
     Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil etməsi cəmiyyətdə təqdirəlayiq hal kimi dəyərləndirilir. Uşaqların mənəvi-fiziki inkişafı ilə yanaşı  şəhid ailələrinə, qazilərə diqqət və qayğı  da dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir, axı!
Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Belə ki, Azərbaycan hökuməti şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərin sosial durumunun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirir.
     Bu tədbirlər planı çərçivəsində təşkil edilən xidmətlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq şəhid övladlarının  sanator-kurort və bərpa-müalicə mərkəzlərinə aparılmasıdır. 
     Qeyd edək ki, növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilir.
     On günlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 28 nəfər (18 uşaq və 10 ana) yararlanır.
     Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən keçir və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inqalyasiya, massaj, naftalan müalicələrini qəbul edirlər.
     Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunur.
     Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunur.
     Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur.
 
 
   Sosioloq Lalə Mehralı da “Şərq”ə  açıqlamasında deyib ki, Azərbaycanda şəhid övladlarına diqqət və qayğı  hər zaman dövlətimiz üçün prioritet istiqamətlərdən  olub:

“Ölkə başçısı da daim öz çıxışlarında bu məsələyə xüsusi toxunur ki,  qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Bu səbəbdən də bütün dövlət qurumlarına şəhid övladlarına və xanımlarına diqqət və qayğı göstərmək tapşırılıb. Onların evlə təmin olunması, təhsil haqqından azad olunması istiqamətində dövlət nümunəvi addımlar atıb.  Bu addımların davamı olaraq şəhid uşaqlarının sanator-kurort və bərpa-müalicə xidmətlərindən pulsuz faydalanması alqışalanmalıdır. Çünki bu mərkəzlərdəki qiymətlərin şəhid uşaqlarının öz hesablarına bu xidmətlərdən yararlana bilməyəcəkləri qədər baha olduğunu hamımız bilirik. Çox yaxşı olar ki, bu cür aksiyalar qazi ailələri, xüsusən də onların övladları üçün də təşkil edilsin”.