Dövlət qurumları heç rəsmi məktublara cavab vermir


  Parlamentin ötən gün keçirilən iclasında bir neçə deputat dövlət qurumlarından giley-güzar ediblər. Çıxış edən millət vəkilləri əksər qurumların, nazirlik və komitələrin deputatların müraciətlərinə, seçicilərlə bağlı gündəmə gətirdikləri problemlərə etinasız yanaşdıqlarını vurğulayıblar. Millət vəkili Ceyhun Məmmədov dövlət idarələrinə yazılan məktublara şablon cavab verildiyini deyib. Bildirib ki, müraciətləri çox hallarda rəhbərlik yox, hansısa sektor müdiri cavablayır. 


  Deputat Tahir Kərimli də həmkarının fikrini dəstəkləyib. Parlament üzvü deyib ki, əksər qurumlar deputatları yola verirlər: "Hansısa şöbənin rəisinin müavini səviyyəsində cavab gəlir. Cavaba baxanda görürsən ki, məsələ araşdırılmayıb, ümumi, şablon cavab verilib. Daxili İşlər Nazirliyinə edilən müraciətlərimizə operativ cavab verilir. Özü də şəxsən rəhbərlik tərəfindən cavablanır. Məgər digər qurumlar DİN-dən artıqdır?". 

  Deputat Əminə Ağazadə də sorğuların cavabsız qalmasından gileylənib: "Hər kiçik məsələ üçün qurumlara müraciət etmirik ki... Vətəndaşların müraciətləri əsasında, ciddi problemlərlə bağlı dövlət orqanlarına sorğular göndəririk. Əfsuslar olsun ki, cavab ala bilmirik". 

Deputatların gündəmə gətirdiyi məsələni "Şərq"ə dəyərləndirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı deyib ki, dövlət qurumları nəinki müraciətlərə, heç rəsmi məktublara da cavab vermirlər. Ekspert vurğulayıb ki, bir müddət əvvəl kollektiv imza ilə "Azərbaycan tarixi" fənninin azaldılmasına, yəni 120 saatdan 60 saata endirilməsinə etiraz olaraq Təhsil Nazirliyinə rəsmi müraciət ediblər. Müraciətdə bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra saatlar artmalı, bu fənnin tədrisi və təbliğat daha da gücləndirilməlidir: 

"Kollektiv imza ilə göndərilən məktuba nazir və ya onun müavini, şöbə müdirinin müavini səviyyəsində cavab gəldi. Məktubda da yalandan qeyd edildi ki, guya, bu məsələ universitetlərin öz səlahiyyətlərindədir. Həmin fəndən təhsil kreditini Nazirlik müəyyən etdiyi üçün universitet dərs saatını daxili qərarı ilə artıra bilməz. Universitet Təhsil Nazirliyinin müəyyən etdiyi həddə uyğun olaraq dərs saatlarını tənzimləyir. Bu onu göstərir ki, strateji fənn olan "Azərbaycan tarixi"ndən nazirlərin və onun müavinlərinin ümumiyyətlə xəbəri yoxdur. Bizim məktuba qurumda yüzüncü dərəcəli adam cavab verdi və təbii ki, problem həll olunmadı. O baxımdan deputatların müraciətlərinin cavabsız qalması da faktdır. Əgər hansısa deputatın müraciətinə müsbət cavab verilirsə, görünür, o da həmin millət vəkilinin şəxsi nüfuzundan asılıdır. Nüfuzsuz deputatı isə ümumiyyətlə saymırlar".

  M.Zülfüqarlı bildirib ki, dövlət qurumlarındakı əksər məmur hətta öz səlahiyyətlərinə uyğun olsa belə icazəsiz hərəkət etməkdən qorxur: 

"Ehtiyat edir ki, birdən səhv edər və səhvinə görə rəhbərlik onu cəzalandırar, işdən xaric edər və s. Ona görə də yuxarıdan göstəriş gözləyirlər. Əgər rəhbərlikdən tapşırıq gələrsə, əmri icra edirlər. Yəni şəxsi təşəbbüsləri ilə, öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərmirlər".