Yanğın təhlükəsizliyi hər yerdə qorunmalıdır

Psixologiya mərkəzlərinin yoxlanması təqdir olunmalıdır

Ciddi yoxlamalar aparılsa, paytaxtdakı iaşə obyektlərinin bəlkə də 90 faizində nöqsanlar, təhlükəli hallar aşkarlanar

  Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzində keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
  Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən  məlumata görə, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. 

  Obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb. 
Eyni zamanda obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları, ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb. Elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb. Obyektdə təxliyə planı da mövcud olmayıb. Mətbəx otağının, sanitar qovşağının tavan sahələri yanar üzlük materialla üzlənib və pilləkən qəfəsi taxta konstruksiyadan inşa edilib. Daxili qaz boruları yivli birləşmələrlə istismar olunub. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 32A ünvanında yerləşən “Narınc” Psixologiya Mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

  Mövcud qərarı şərh edən Təhlükəsizlik eksperti Elmar Nurəliyev “Şərq”ə açıqlamasında yanğın təhlükəsizliyi qaydaları, yanğın təhlükəsizliyinin təşkili, yanğın təhlükəsizliyinə riayət olunma norma və standartlarının "Yanğın təhlükəsizliyi haqqında” qanunla tənzimlədiyini qeyd edib:

 "Qanunda göstərilib ki bütün idarə və müəssisələr, dövlət və özəl təşkilatlar, yerli və xarici şirkətlər, obyektlərdə və iş yerlərində yanğın təhlükəsizliyi qaydalarına tam əməl olunmalıdır. Yanğın təhlükəsizliyinin təşkili deyəndə ilk növbədə iş yerlərində, idarələrdə yanğın təhlükəsizliyinə dair təlimatlar olur. Bu təlimatlarda yanğın baş verərkən davranış qaydaları, təxliyə planı, yanğın zamanı insanların və əmlakın mühafizəsi qaydaları göstərilir. Daha sonra iş yerlərində "yanğın qrupu” adlanan qruplar olmalıdır. Bu qruplar yanğın baş verəndə insanların təhlükəsiz təxliyə olunmasını, qiymətli kağızların, əmlakın çıxarılmasını və onların mühafizəsini təşkil edirlər. Bu qruplara mütəmadi təlimlər keçirilməli və onlar hər hansı fövqəladə vəziyyətə həm fiziki, həm də psixoloji hazır olmalıdırlar. İdarələrdə yanğından mühafizə üçün yanğın sensorları, yanğın hidrantları, yanğın şitləri tam komplekt - yanğınsöndürən balon, bel, balta, ling, qum, vedrə, yanğınsöndürən toplar ilə təmin edilməli, onların daima işlək və saz vəziyyətdə olmaları yoxlanılmalıdır. Bunlar yanğın baş verərsə, yanğının qarşısını almaq üçün vasitələrdir”.

  Bu cür qanunsuzluqlara sadəcə bu obyektdə yol verilmədiyini vurğulayan ekspert deyib ki, ölkədə fəaliyyət göstərən nəinki psixologiya mərkəzləri, o cümlədən tədris, tibb, ticarət mərkəzləri və ya digər obyektlərin heç birində yanğın təhlükəsizliyinin norma və qaydalarına əməl olunmur: 

“Halbuki, insanların kütləvi  olduğu bu məkanlarda yanğın təhülkəsizliyinə çox ciddi əməl edilməlidir. Onlar mütləq şəkildə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır. Yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də əmlaka, orada çalışan sahibkarlara ciddi ziyan vurur. Yanğınlar zamanı havaya külli miqdarda zərərli maddələr atılır ki, bu da yaxınlıqda yaşayan insanların sağlamlığı üçün təhlükəlidir. Fövqəladə hadisələr içərisində ən çox rast gəlinən məhz yanğındır. Yanğın hadisəsi həm yüzlərlə insanın həyatını təhlükəyə atır, həm də orada çalışan kiçik sahibkarlara xeyli ziyan vurur. Bütün iaşə obyektləri zəruri olan yanğın təhlükəsizliyi norma və standartlarına riayət etməli, hətta orada çalışan insanların da yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini tələb etməlidir. Sözügedən  obyektdə təxliyə planının mövcud olmadığı deyilib. Bu necə mümkün ola bilər?! Bütün bunlar yanğından mühafizə üçün ən zəruri proseslərdir. Obyektlər layihələndirilərkən də buna xüsusi diqqət ayrılmalı, layihə sənədlərində yanğın təhlükəsinə qarşı hansı işlər görüldüyü göstərilməlidir. Obyektin əlavə təxliyə planı, təxliyə çıxışı olmalıdır. 

Orada işləyəcək insanların təhlükəsiz şəraitdə çalışmaları üçün şərait yaradılmalıdır. Hər bir obyektdə yanğınla mübarizə üçün xüsusi alətlər qoyulmalıdır, suyun daimiliyi təmin edilməlidir. Axı elə bir maddi vəsait də tələb etmir. Sadəcə, təşkilati işlər zəif aparılır, ciddi bir məsələyə səhlənkar yanaşılır. Ciddi yoxlamalar aparılsa, paytaxtdakı iaşə obyektlərinin bəlkə də 90 faizində nöqsanlar, təhlükəli hallar aşkarlanar. Hesab edirəm ki, paytaxt sakinləri də bu məsələlərdə aktiv olmalı, təhlükəli hallarla bağlı dövlət orqanlarını məlumatlandırmalıdır. Belə mərkəzlərə daha çox uşaqlar gedir. Qəfil bir yanğın olsa, onların təhlükəsizliyini kim təmin edəcək. Axı uşaqlar özlərini müdafiə imkanına sahib deyil”. 

  E.Nurəliyevin sözlərinə görə, heç bir obyekti yanğından yüz faiz sığortalamaq mümkün deyil: 

“Bu təkcə bizdə yox, digər ölkələr üçün də aktual məsələdir. Ancaq məsələ odur ki, yanğın təhlükəsizliyinə riayət etməklə yanğını qısa zamanda söndürmək və minimum itkiylə xilas olmaq olar”.