Özbaşına tikinti işləri aparanlar 500 manat cərimələnəcək


Əgər cərimələr artıq tikilmiş fərdi yaşayış evlərinə  də şamil ediləcəksə, bu düzgün yanaşma deyil

“Ən optimal variant sənədsiz evləri qeydiyyata alaraq  çıxarış verərək, onları vergiyə cəlb etməkdir”

  Özbaşına tikinti işlərinin aparılmasına görə cərimələr artırılır.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə ediləcək.

  Daşınmaz Əmlak eksperti Elnur Fərzəliyev isə “Şərq”ə açıqlamasında  deyib ki, qanunsuz tikililərin sahiblərini cərimələmək çıxış yolu deyil və bu cərimələrin artırılması da heç bir effekt verməyəcək: “Bu cərimələmə tikinti mərhələsində həyata keçirilirsə, gələcəkdə qanunsuz evlərin sayının artmamasına müəyyən qədər  təsir edə bilər. Yox əgər bu cərimələr artıq tikilmiş  fərdi yaşayış evlərinə  də şamil ediləcəksə, bu, düzgün yanaşma deyil. Bakı və  Abşeronda  çıxarış ala bilməyən yüzminlərlə tikili var. Qeyri-rəsmi statistikaya əsaslansaq, beş yüz mindən çox təkcə Bakı və Abşeron ərazisində çıxarışı olmayan həyət evi var.
Onların əksəriyyətində  torpaqların təyinatı fərqlidir.  Bir qismi isə torpağı bələdiyyədən alıb və bələdiyyə sərəncamı ilə də ev tikib. İndi isə çıxarış ala bilmir ki, sən demə o ərazilər bələdiyyə torpağı deyilmiş. Qısaca deyim ki, özbaşına tikinti o demək deyil ki, hansısa bir vətəndaş istədiyi yerdə gedib özünə ev tikir. Hansısa qurumla razılaşır, torpaq alır, tikinti üçün ödəniş edir. Sadəcə ona satılan torpaq təyinatlı olmadığı üçün son mərhələdə çıxarış ala bilmir. Hesab edirəm ki, cərimələnmə ilə bu cür qanunsuzluqlara son qoymaq real deyil. Ən optimal variant sənədsiz evləri qeydiyyata alaraq  çıxarış verərək onları vergiyə cəlb etməkdir. İnsanlar həmin evlərdə onsuz da yaşayır, kommunal xərcləri ödəyirlər. Həmin ərazilərdə çıxarışların olmaması səbəbindən həm vətəndaşlar əziyyət çəkir, həm də bələdiyyə və dövlət büdcəsi vergilərdən yararlana bilir. Bəli, qanunvericilikdə çıxarış olmalıdır ki, bu sənəd üzərindən bələdiyyə vergi toplaya bilsin”