"Mənə güllə atanlar vətən xainləridir"


Fazil Mustafa: "Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər"

“Düşünürdüm ki, onların çəkdiyi ağrıların yanında bizim çəkdiklərimiz çox kiçikdir”

“Yaram ağrıyanda Xudayarın təsnifini dinləyirdim”
 
  Bir neçə gün əvvəl yaşadığı evin qarşısında silahlı hücuma məruz qalan deputat Fazil Mustafa hadisədən sonra ilk dəfə geniş açıqlama verib.
  Üzləşdiyi terror hücumu ilə bağlı “Real TV”yə danışan millət vəkili ilk günlərə nisbətən artıq özünü yaxşı hiss etdiyini deyib: “Yaralarım həkimlər tərəfindən müalicə olunur. Avtomatın güllə yarası olduğu üçün hələ ki tikiş qoymaq mümkün deyil. Çiynimdən aldığım yara sümükdə də ciddi fəsadlar yaratdığından qolumu qaldıra bilmirəm. Ona görə də, artıq  sol əlimlə işləməyi məşq edirəm. Ümid edirəm ki, gələcəkdə fizioterapiya ilə sağ qolumun hərəkəti bərpa olunacaq. Ayağımdakı yaranın isə yeriməyim üçün bir maneə olmayacağını deyirlər. Güllə dizdən yuxarıya dəydiyi üçün diz qapağımı yox, bud hissəmi deşib keçib. Güllə yarasından əlavə bədənimdə dəmir və şüşə qırıntıları olduğu üçün onların da təmizlənməsi vaxt aparacaq”. 
  F.Mustafanın sözlərinə görə, hadisə günü dostları ilə birgə restoranda iftar edib. Terror aktı restorandan çıxıb evə gələn zaman baş verib. Həmin vaxt maşını Fazil Mustafa özü idarə edib.

“Elə bildim telefonum partladı”

  “Evə yaxınlaşarkən şübhəli məqam hiss etmədim. Bizim darvaza pultla açılır. Evə yaxınlaşana yaxın pultu basdım. Dedim, qapı açılana qədər qardaşıma zəng edim. Evə gəlməyimin səbəbi o idi ki, axşam namazını evdə qılım. Qapını pultla açdım, bu vaxt telefonu əlimə götürəndə dəhşətli parıltı gördüm. Bunun avtomat olduğunu düşünmədim, elə bildim telefonum partladı. Deməli, güllə maşının qapısından keçib ayağıma dəyib. Birdən ağlıma gəldi ki, mənə atəş açırlar. İkinci atəş maşının içində çiynimi tutdu. Darvaza bağlı olsaydı, sürüb geri gedəcəkdim. Amma sui-qəsdi törədənlərin neçə nəfər olduğunu bilmirdim. Maşının qapısını açıb əyilərək evə doğru qaçdım. Yoldaşım qapını açanda dedim ki, məni vurdular, qapını bağlayın. Gözüm kamerada idi ki, görüm onlar mənim arxamca gələcəklər, yoxsa yox. Onların evə hücum edib-etməyəcəyini bilmirdim. Çünki darvaza açıq idi. Maşının qapısı da açıq idi, kimsə sürüb gedə də bilərdi. Yoldaşım pultu tapıb darvazanı bağladı. Xəstəxanaya gələnə qədər huşum özümdə idi, özümü itirməmişdim. Özüm 102-yə zəng etdim ki, mən filankəsəm, mənə qarşı sui-qəsd olub”.
O bildirib ki, sonra mülki geyimdə polislər gəldi. Ondan sonra hər tərəfə məlumat verilib.

“Bunun adı nə şiədir, nə sünnidir"

  Deputat yaşadığı sui-qəsd olayı və İranla bağlı diqqətçəkən fikirlər səsləndirib: “Ölkəmiz üçün ən böyük təhlükə “cəhalət kolonu”dur. Bu kolonun üzvləri əvvəl-axır dövlət müstəqilliymiz üçün böyük bir problem yaratmağa çalışacaqlar. İndidən onlara qarşı ciddi mübarizə aparılmalı və zərərsizləşdirilməlidir. Bu gün tam əminəm ki, mənə güllə atan adam rahatlıqla anasına da, atasına da güllə atar. Bu, zombiləşmiş bir kəsimdir. Bunun adı nə şiədir, nə sünnidir. Bunlar bütövlükdə bir vətən xainidirlər. Bunlar dindar deyillər. Bir dindar Ramazan ayında kiməsə güllə atar? Bu kəsim sabah Azərbaycanın bütün dəyərli insanlarına qarşı çevrilə bilərlər. Bu baxımdan hesab edirəm ki, bu təhdidlərin mənbəyi qonşu ölkədə olan, bu gün də burada kifayət qədər şəbəkələşmiş fəaliyyət göstərən qüvvələrdir” .
  “Düşmən ayaqdadır. Düşmən istədiyi təxribatı törədə bilir. Burada əsas problem cəmiyyətin həssaslığı, səfərbər olunması məsələsidir. Hər birimiz öz dövlətimizə nemət kimi baxmalıyıq. Biz əvvəlcə  dövlətimizə nemət kimi baxmalıyıq ki, sonrasında öz payımıza nə düşməsi barədə müzakirələr apara bilək. Qarabağ ağrımız hələ tam bitməyib. Bir-iki yerimiz hələ də qanayır.  
  Yaramız tam sağalana kimi cəmiyyət özünü səngərdə hiss etməlidir. Bu dəqiqə mən özümü səngərdə hiss edirəm. Yaram ağrıyanda Xudayarın təsnifini dinləyirdim. Və düşünürdüm ki, onların çəkdiyi ağrıların yanında bizim çəkdiklərimiz çox kiçikdir” - deyə deputat əlavə edib. 

  Qeyd edək ki, xüsusi xarakteri nəzərə alınaraq təhlükəsizlik orqanı tərəfindən məsələnin kompleks nəzarətə götürülməsi ilə əlaqədar hadisə aydınlaşdırılana və cinayətkar şəbəkə tam işfa olunub zərərsizləşdirilənədək şəxsi təhlükəsizliyinin təminatı kimi Fazil Mustafa ilk gündən DTX-nin Hospitalına köçürülüb.