Azərbaycanın gələcək inkişafı həm də onlardan asılıdır


Biznes təhsili alan hər bir qadın ölkənin inkişafına töhfə verə bilər


  “Bu gün Azərbaycanda 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir və onlardan 9-u qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.

  Bakının Xəzər rayonunda fəaliyyət göstərən Qadın Resurs Mərkəzinin daha geniş layihənin tərkib hissəsi olduğunu vurğulayan  S.Talışinskayanın sözlərinə görə, bu mərkəzlərin yaradılmasında məqsəd xüsusən də kənd yerlərində yaşayan qadınların bacarıq və biliklərini genişləndirməkdir. Bu gün Azərbaycanda 17 Qadın Resurs Mərkəzi fəaliyyət göstərir ki, onlardan da 9-u qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçib. Bu mərkəzlər müxtəlif layihələr əsasında fəaliyyət göstərə bilər. 
  S.Talışinskaya bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda dövlətin gender siyasətini həyata keçirən orqandır: "Bu siyasətin həyata keçirilməsi üçün qadın resurs mərkəzləri mühüm əhəmiyyət kəsb edir".

  Ölkə ərazisində fəaliyyət göstərən QRM-nin fəaliyyətini dəyərləndirən "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə “Şərq”ə açıqlamasında deyib ki, Qadın resurs mərkəzləri qadınlar üçün yaradılmış yaxşı bir imkandır. 
  Burda qadınlar fərqli təlimlərdə iştirak edib peşə sahibi ola bilirlər, sahibkarlıq ideyası olanlar lazımı resurslarla təmin edilirlər. Bununla bərabər qarşılaşdıqları gender əsaslı zorakılıq hallarında da əminliklə müraciət edə bilirlər.
  Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verir. Amma istənilən səviyyədə inkişafına nail olmaq üçün maliyyıə dayaqları davamlı olmalıdır:

“QRM-nin sayının 17-yə çatması kifayət qədər sevindiricidir. Mən daha az bilirdim. Konkret olaraq isə Sumqayıtdakı Mərkəzin fəaliyyətini yüksək qiymətləndirirəm. 
  Qadınlar bu Mərkəzə qarşılaşdıqları gender əsaslı zorakılıq hallarında da əminliklə müraciət edə bilirlər. Qadın Resurs Mərkəzi qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqinə mühüm töhfə verir.
Hesab edirəm ki, bu mərkəzlərin davamlı maliyyələşmə  problemi həll olunsa, daha çox qadınlara dəstək  olub, onların iştirakçılığını təmin edə biləcəklər. 
İndiki vəziyyətdə QRM-nin fəaliyyətini 10 yox, 6-7 balla qiymətləndirirəm”. 


Qadın resurs mərkəzləri qadınların məlumatlılığının, biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir

  Mövzu ilə bağlı “Şərq”in suallarını cavablandıran Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai isə hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən qadın resurs mərkəzləri gender bərabərliyinin təmin olunmasına və qadınların sahibkarlıq bacarıqlarının inkişafına xidmət edir, onlara sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlməkdə dəstək verir. Onun sözlərinə görə, Qadın resurs mərkəzləri qadınların məlumatlılığının, biznes bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir: 


“Bu kimi mərkəzlər minlərlə qadın mühasibat uçotu və maliyyə savadlılığı, maliyyələşmə üsulları, qadınların insan hüquqları və iqtisadi hüquqları, təqdimat bacarıqlarının gücləndirilməsi və şəbəkələşmə kimi sahələrdə pulsuz təlimlərdən yararlana bilir. Həmçinin təlimlər vasitəsilə onlarla qadına qrant dəstəyindən yararlanaraq, öz bizneslərini qurmaqda kömək edilir.  BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq çərçivəsində çalışan resurs mərkəzləri xüsusilə özünüməşğulluq proqramının bir hissəsi olaraq, “Sahibkarlıq və biznes bacarıqlarının inkişafı” üzrə təlimlər keçirirlər. İştirakçılar sahibkarlıq, marketinq, satış planı, gəlir və xərclər, nağd pul axını barədə ilkin biliklər əldə edərək, öz biznes ideyaları əsasında biznes plan hazırlamağı öyrənirlər. Bu kimi layihələrin həyata keçirildiyi Bakının Xəzər rayonu, Qusar, Zaqatala, Sabirabad. Bərdə, Tərtər, Ağcabədi və digər rayonlardakı mərkəzlər qadınların potensialını dəyərləndirmək və perspektivlər yaradan bir məkan rolunu oynayır. Bu mərkəzlərdə qadınlar iqtisadi səlahiyyətləndirmə vasitəsilə dolanışıqlarını necə yaxşılaşdıra biləcəkləri barədə fikir mübadiləsi aparırlar və yeni fikir, yollar əldə edirlər. Layihələrdə iştirak edən xanımlar arasında öz bizneslərini quran qadınların olması sevindiricidir. Bu, ucqar ərazilərdə yaşayan qadınların öz icmalarına töhfə vermək və hər kəs üçün daha yaxşı gələcək qurmaqda nə qədər qərarlı olmasının göstəricisidir”.
  Sevinc xanımın fikrincə, bu kimi mərkəzlərin sosial baxımdan həssas əhali qrupuna aid olan şəxslərə, müharibədən əziyyət çəkmiş və ya məcburi köçkün qadınlar və onların ailə üzvləri, şəhid ailələri və qazilərə göstərdiyi hüquqi dəstək və həssasiyyət də təqdirəlayiqdir: “Mərkəzlərin fəaliyyətinin qadınlara daha faydalı olması üçün mütəmadi olaraq çalışdıqları bölgə əhalisinin ehtiyaclarının qiymətləndirilməsini aparmaq olar. Bu, sorğular, fokus qrupları və müsahibələr vasitəsilə edilə bilər. Nəticədə Qadın resurs mərkəzləri cəmiyyətdəki qadınların xüsusi ehtiyaclarına cavab verən bir sıra xidmətlər təklif edə bilər. 

Həmçinin yerli təşkilatlar, dövlət qurumları və icma liderləri ilə əməkdaşlıq Qadın Resurs Mərkəzinə dəstəyin qurulmasına və onun uzunmüddətli davamlılığının təmin edilməsinə kömək edə bilər. Eyni zamanda dəstək yaratmaq və qadınlara təsir edən problemlər haqqında məlumatlılığı artırmaq üçün yerli icma ilə əlaqə saxlamalıdır. Bura icma tədbirlərinin, təbliğat kampaniyalarının keçirilməsi daxil ola bilər. Qadınlar arasında bu mərkəzlər barədə məlumatlılıq artırılarsa, düşünürəm ki, onların fayda verə biləcəyi qadınların da sayı artacaq”.