Əkilən məhsul daxili tələbatı tam ödəmir

Ona görə bazarlarda Pakistan kartofları meydan sulayır

“Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır”


  Paytaxtda əhali kartof və soğanın qiymətinin baha olmasından narazıdır.
Hazırda bazarlarda kartofun 1 kiloqramı təxminən 1,50-3 manata, soğanın 1 kiloqramı isə 1,30-1,70 manata satılır.
Bəs qiymətinin baha olması nə ilə əlaqədardır? 

  İqtisadçı-ekspert Rauf Qarayev “Şərq”ə açıqlamasında  yeni məhsullar bazara çıxanda  kartof-soğanın ucuzlaşacağını deyib: “Hazırda piştaxtalarda ölkəyə Pakistandan idxal olunan kartof üstünlük təşkil edir. Əvvəllər isə  Azərbaycana kartof, əsasən, Belarusdan, Rusiyadan, Ukraynadan gəlirdi. İndi heç  İran kartoflarını  da bazarda görmürük.  Tələbatı Pakistan kartoflarının hesabına ödəyirlər. Məsafə baxımdan isə  ora uzaqdır, amma itirilmiş bir bazarı digəri ilə əvəz etməyə məcburuq. Bu da qiymət artımına təsir edir. 

  Eyni zamanda dünyada gedən  bahalaşma prosesi təbii olaraq  kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edir. Həm də ki, ölkəmizdə əkilən məhsullar, əsasən, Rusiya bazarlarına gedir və daxili tələbatı ödəmək üçün Pakistandan kartof almalı oluruq. Yəni görünən odur ki, əkilən məhsul daxili tələbatı tam ödəmir və məhsulun qiyməti artmağa başlayır. Dəfələrlə qeyd etmişik ki, məhsulun qıt olmamağı üçün soyuducu anbarların sayını artırmaq lazımdır. Amma ölkəmizdə anbarlar az olduğundan ora qoyulan məhsullar da bazara çıxarıldıqda qiymətə təsir etmir. Yəni anbarların az olması qiymətin yüksək olmasına gətirib çıxarır. Digər amil isə anbarlarda texniki dəstək qiymətinin də yüksək olmasıdır. Azərbaycan kənd təsərrüfatı dərmanlarını da xaricdən alır və bu da qiymət artımına təsir edən amillərdəndir”.

  Soğanın niyə  bahalaşmasına gəldikdə isə  R.Qarayev deyib ki, bu da kənd təsərrüfatında düzgün proqnozlaşmanın olmamasından irəli gəlir: 

“Sahibkarın xarici bazara çıxışının məhdudlaşması, soğan saxlamaq şəraitinin məhdud olması səbəblərindən kəndli soğanı az əkir. Buna rəğmən may ayında soğanın da qiymətinin aşağı düşəcəyini güman edirəm. Bazara təzə kartof, soğan çıxanda, təbii ki, qiymətlərdə də enmə olacaq".