Yaşamağa ən ideal mərtəbə...

Yüksək və aşağı mərtəbələrdə yaşamağın səhhətə ciddi təhlükələri olduğunu bilirdinizmi?

 “10-cu mərtəbədən yüksəkdə yaşayan insanlar nevrozdan, ürək-damar xəstəliklərindən əziyyət çəkir”

  Hündür və aşağı mərtəbələrdə yaşamaq müxtəlif xəstəliklərə qarşı həssaslığa təsir göstərir. Həkim-terapevt Yuliya Kovalenko yüksək və aşağı mərtəbələrdə yaşamağın səhhətə təhlükələri barədə danışıb. Onun sözlərinə görə, aşağı mərtəbələrdə yaşayan insanlar ən çox ağciyər xəstəliklərindən və ya immunitet səviyyəsinin aşağı düşməsindən şikayət edirlər. Səbəb isə aşağı mərtəbələr zirzəmiyə yaxın olduğundan göbələk və kifin yayılmasıdır. Bundan əlavə küçədəki tozlar və avtomobillərin işlənmiş qazları evə daha tez dolaraq, orqanizmə nüfuz edir. Həkimlərin fikrincə, üçüncü və yeddinci mərtəbəyə qədər olan mərtəbələr yaşayış yerinin optimal hündürlüyü hesab edilir: 

“Daha hündür mərtəbədə isə sənaye dumanının mənzilə nüfuz etməsi riski var. İyirmi beşinci mərtəbədən yuxarı ümumiyyətlə zərərlidir. Adətən belə hündürlüklü mənzillərdə ventilyasiya sistemi olmur. Çox hündür mərtəbələrdə yaşayanlar vibrasiyalardan, aşağı tezlikli infrasəs vibrasiyalarından və atmosfer təzyiqindəki dəyişikliklərdən şikayətlənirlər. Belə insanlar panik atak, yuxu pozğunluğu, başağrı xəstəliklərinə meyillilik və qulaq, burun-boğaz xəstəliklərindən əziyyət çəkə bilərlər”.
  Terapevt deyib ki, yuxarı mərtəbələrdə yaşayanlar elektromaqnit şüalanmanın təsirindən aşağı mərtəbələrin sahiblərindən daha çox ziyan çəkirlər: "Avropada 6-cı mərtəbədən yuxarıda yaşamaq prestijli hesab edilmir. Uşaqları olan ailələrə 5-ci mərtəbədən yuxarıda mənzil almaq ən yaxşı halda məsləhət görülmür". 
  Fitoterapevt Elnur Rəhimov də hesab edir ki, 8 mərtəbədən daha hündür binalarda yaşayanlarda nəinki ürək-damar xəstəlikləri, neyrosirkulyator distoniya son vaxtlar daha çox yayılmış panik-atak problemlərini artırır. Kiçik qan dövranında durğunluq yaradır. Nəticədə ürək-qan damar və ağciyər xəstəlikləri inkişaf edir. Həkim panik-atak problemi yaşayanların psixatrik xəstəxanada 6-cı mərtəbədən aşağılarda yerləşdirilməsinə diqqət çəkir. Onun sözlərinə görə, 10-cu mərtəbədən yüksəkdə yaşayan insanlar nevrozdan əziyyət çəkir. Çünki təzyiq nəticəsində damarda daralma prosesi baş verir, təzyiq yüksəlir, vegetativ sinirlər daha oyanıq olur.
 Hündürmərtəbəli binalar endokrinoloji xəstəliklərə də səbəb ola bilir. Əsasən, böyrəküstü vəzdə kortizon hormonunun artması daha çox müşahidə edilir. Terapevt hesab edir ki, insanlar neçənci mərtəbədə yaşamaları ilə yanaşı, binanın paytaxtın hansı ərazisində olmasına da fikir verməlidirlər:

 “Hündürlük dəniz səviyyəsinə uyğun hesablanmalıdır. Məsələn, Yasamal rayonu ərazisindəki 8 mərtəbəli ev hündürlük baxımından, Həzi Aslanov metrostansiyası yaxınlığındakı 12 mərtəbəli evə bərabərdir. Burada təkcə torpaqdan olan məsafə deyil, dəniz səviyyəsi də nəzərə alınmalıdır”. Bronxial-astma xəstələrə isə hündür binalarda yaşamağı məsləhət görmədiyini deyən fitoterapevt bunu oksigenlə yüklənmiş zonalarda bronx əzələləri sıxılması ilə əsaslandırır: "Bu binalarda yaşamaq ürəyin işemiyası xəstəliyinin də inkişafına səbəb olur. Hələ ki bu deyilənlər elmi təsdiqini tapmayıb. Səbəb isə nə yerli, nə də dünya səviyyəsində tibbi baxımdan dərin araşdırmanın aparılmamasıdır".