Təhlükəsizlik məsələlərinə önəm vermirlər

Mənzillərdə baş verən yanğınların 90 faizindən çoxu insanların laqeyd münasibətindən qaynaqlanır

“Az qala hər kəs özünü “usta” sayır. Elektrik xətlərini özləri birləşdirir, qaz, su borusunu özləri çəkir, yaxud da bu işi bildiyini güman etdikləri dostlarını, tanıdıqlarını dəvət edirlər”

  Ötən gün Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verib. Biləsuvar Rayon İcra Hakimiyyətindən bildirilib ki, mənzildə partlayışa səbəb qaz sızması olub. Dərhal FHN-in aidiyyəti qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş verən mənzilin dam örtüyünün çökməsi müəyyən edilib.

  Qeyd edək ki, həmin gün Bakının Yasamal rayonunda yerləşən Azərbaycan Dillər Universitetinin yataqxanasında yanğın  olub. Beşmərtəbəli yataqxana binasında baş vermiş yanğın dördüncü mərtəbədən başlayaraq beşinci mərtəbəyə keçib. Ümumilikdə 4 mənzil yanıb, digər mənzillər alovdan xilas edilib.

  Təhükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin “Şərq”ə açıqlamasına görə, mənzillərdə baş verən yanğınların 90 faizindən çoxu insanların laqeyd münasibətindən qaynaqlanır. Ekspertin sözlərinə görə, insanlar yanğın təhlükəsizlik qaydalarına ciddi riayət etməlidirlər, ancaq təəssüf ki, çox vaxt belə ciddi məqamlara diqqət yetirilmir:

“İnsanların məsuliyyətsiz davranışı, ehtiyatsızlığı, təhlükəsizlik qaydalarına riayət olunmaması səbəbindən baş verən yanğınlar böyük əksəriyyət təşkil edir. Ona görə də insanlar birinci növbədə yanğın təhlükəsizliyi haqqında qaydalarla tanış olmalıdırlar. Yaşadıqları yerə uyğun qaydalara düzgün əməl etsələr, yanğının baş vermə riskini azaltmış olarlar. Nəticədə yanğınların sayı azalar. Yanğınlar daha geniş miqyasda olanda artıq peşəkar yanğınsöndürmə qrupları da çətinlik çəkir. Nəticədə həm insanlara və mülklərinə, həm təbiətə və ekologiyaya, həm də flora və faunaya ziyan dəyir.
  Təbii ki, maarifləndirmə müvafiq qurumlar tərəfindən edilir, amma bunu mütləq sistemli şəkildə, mütəmadi olaraq davam etdirmək lazımdır”.

  E.Nurəliyevin sözlərinə görə, bəzən vətəndaşlarımız təmir-tikinti zamanı təhlükəsizlik məsələlərinə önəm vermirlər: “Az qala, hər kəs özünü “usta” sayır. Elektrik xətlərini özləri birləşdirir, qaz, su borusunu özləri çəkir, yaxud da bu işi bildiyini güman etdikləri dostlarını, tanıdıqlarını dəvət edirlər. Nəticədə bəzən görürük ki, qaz xətti də səhv çəkilib, səhv qoşulub, su xəttini qaz borusuna qoşublar. Kombi sistemləri də çox zaman bu cür səhv quraşdırılır.
  Mənzildə təmir aparılarkən xüsusilə elektrik xətləri, qaz çəkilişi və ya qaz borularının dəyişdirilməsi zamanı mütləq mütəxəssislərə, “Azəriqaz”ın yerli bölmələrinə müraciət edilməlidir. Qaz istismar idarəsinin əməkdaşları bu işi çoxlarından daha yaxşı, dəqiq, güvənli yerinə yetirəcəklər. Mənzildə təmir aparılırsa, bu haqda yerli orqanlara xəbər verilməlidir. Hətta fərdi evlərdə aparılan təmir, tikinti işləri zamanı da təhlükəsizlik məsələlərinə ciddi fikir verilməlidir.
Qaz, elektrik enerjisi çox təhlükəli məsələlərdir. Hansısa qaz sızıntısı, elektrik xəttinin düzgün qoşulmaması həm ev sahibinə, həm də ətrafdakı evlərə zərər verə, insan tələfatı ilə nəticələnə bilər. Çoxmənzilli binalarda isə diqqət üst səviyyədə olmalıdır. Çünki mənzillər bir-birinə bitişikdir. Yaşayış binaları panellərin bir-birinə bağlanması yoluyla tikilir. Ümumi qaz, su xətti, elektrik enerjisi bloku olur. Bir mənzildə baş verəcək nasazlıq bütün binanı silkələyə, güclü partlayışa və insan tələfatına, ağır xəsarətlərə səbəb olar”.