Gəncədə yanğın! - İki əməkdaş xəsarət alıb - YENİLƏNİR + FOTO/VİDEO

Gəncədə xəstəxanada baş verən yanğın zamanı xəstəxananın iki əməkdaşı yüngül xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının baş həkimi Anar Məmmədov deyib.
O bildirib ki, yanğın səhər 10 radələrində baş verib:
“Yanğına səbəb qısaqapanma olub. Yanğın zamanı 63 xəstə stasionar yatışda, onların 13 nəfəri reanimasiyada olub. Xəstələrdən 12 nəfər başqa xəstəxanaya köçürülüb. Digər xəstələr isə öz xəstəxanamızda başqa binalara yerləşdiriliblər. Reanimasiyada müalicə alan xəstələrdən bir nəfəri ölüb. O, çox ağır vəziyyətdə idi. Bu xəstənin ölüm səbəbi araşdırılır. İlkin məlumata görə, həmin xəstə yanğından əvvəl ölüb”.
Baş həkim xəstəxanada olan bütün xəstələrin təxliyə olunduğunu bildirib. O qeyd edib ki, xəstəxananın iki işçisi yanğın zamanı xəsarət alıb, hazırda onlar başqa xəstəxanaya köçürülüblər.
Baş həkim sabahdan iş fəaliyyətlərini davam etdirəcəklərini deyib.
11:25
Gəncə şəhər prokurorluğu aprelin 26-da Gəncə şəhərində yerləşən 1 saylı Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat yayıb.
İlkin araşdırma zamanı xəstəxananın zirzəmisindəki elektrik şkafında baş vermiş qısaqapanma nəticəsində tüstülənmə olması müəyyən edilib.
Hadisə nəticəsində xəstəxanada müalicə alan 1963-cü il təvəllüdlü Nazilə Məmmədova ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin Yanğından mühafizə bölmələri tərəfindən hazırda tibb müəssisəsinin Cərrahiyyə və Reanimasiya şöbələrindəki pasiyentlər təxliyə edilirlər. Artıq 58 nəfər təxliyə edilib.
10:44
Gəncə şəhəri Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasında yanğın binanın zirzəmisində yerləşən elektrik şkafında baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, zirzəmidə 9 kvadratmetr ərazi yanıb.
Yanğın zamanı əmələ gələn tüstü havalandırma borusundan binanın digər mərtəbələrinə daxil olub.
Hadisə zamanı xəstəxananın reanimasiya şöbəsində yatan və ürək çatışmazlığından əziyyət çəkən xəstə tüstüdən boğulub.
Onun şəxsiyyəti dəqiqləşdirilir.
10:34
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Şəhər  Xəstəxanasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
10:13
Gəncə şəhərində xəstəxanada yanğın olub.
Oxu.Az-ın məlumatına görə, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib.
Məlumatla əlaqədar FHN-in yanğından mühafizə qüvvələri dərhal əraziyə cəlb olunublar.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunublar.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.