Nağdsız ödəmələrdə ciddi problemlər yaşanır

İstehlakçılardan almadıqları məhsulun pulunu çıxırlar

“Qabıqlı qoz aldığım halda çekə qoz ləpəsi yazırlar. Və bu, tək mənim yox, minlərlə istehlakçının başına gəlib”


  Geyim mağazalarında  nağdsız ödəmə məsələsində ciddi problemlər yaşanır. Nədənsə, alış-veriş edib kassaya yaxınlaşanda kartla ödəmədə problem olur. Nə vaxt nə alırsan, kartla ödəniş etmək istəyəndə bildirirlər ki, kartla ödəniş etməkdə problem var. Ödəniş etmək olmur. Ya aparat (post-terminal) “işləmir”, ya da sistem “donur” . Şübhə yaradan isə ilin 12 ayı aparatların xarab, sistemin isə dolu olmasıdır.  
Alış-veriş mərkəzlərində alıcılar ödəməni kartla etmək istəyəndə satıcıların “qaş-qabağı yer süpürür” və  “aparatımız işləmir, kartdan- karta ata bilərsiniz” –deyirlər.  Hətta interneti aktiv olmayan alıcılar üçün  “wifi» parolu belə təklif edirlər. 
  Dövlət tərəfindən nağdsız ödənişlər stimullaşdırılır. Banklar nağdsız ödənişlər üçün müəyyən kampaniyalar tətbiq edir, amma bu cür mağazalar nağdsız ödənişlərdən yayınır.
  Ölkədəki bütün post-terminallar “nasazdır” yoxsa, məqsəd vergidən yayınmaqdır?
  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, təkcə geyim mağazalarında yox, özəl klinikalar, yanacaqdoldurma məntəqələri, avtoservislərdə və digər kiçik dükanlarda bu məsələ geniş yayılıb: “Bu, həm qanun pozuntusudur, həm də istehlakçı hüquqlarının pozulması deməkdir. Ümumiyyətlə, ticarət və iaşə obyektlərində dövlətin qanunları boykot olunmaqdadır. Azərbaycanda iqtisadiyyatın nağdsızlaşdırılması biznes sferasında fəaliyyətin tam şəffaflaşdırılmasını və eyni zamanda vergidən yayınma hallarının aradan qaldırılmasını nəzərdə tutur. Bu olduqca mühüm bir məqamdır. 

Hesablaşmaların nağd qaydada aparılması vergidən yayınmaq üçün münbit mühitin mövcud olması deməkdir. Hökumət bu istiqamətdə QHT və KİV-lə birlikdə kifayət qədər effektiv layihələr həyata keçirir, nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə bir sıra güzəştlər tətbiq edir. Lakin buna rəğmən keçid prosesində müəyyən axsamalar var. Təəssüflər  olsun ki, bu sahibkarların fırıldağı əhalinin nağdsız ödənişlərə olan inamını azaldır. Təsəvvür edin ki, nağdsız ödəniş zamanı marketlərdə məni – Eyyub Hüseynovu belə aldatmağa cəhd ediblər. Kartla ödəmə zamanı istehlakçılardan almadıqları məhsulun pulunu çıxırlar.   Təsəvvür edin, telefonuma gələn bildirişə baxmasam, kartımdan 8  manat əvəzinə 68 manat çıxacaqdılar. 

Qabıqlı qoz aldığım halda çekə qoz ləpəsi yazırlar.  Və bu, tək mənim yox, minlərlə  istehlakçının başına gəlib. Nağdsız ödənişlərdən sui-istifadə edən marketlər  hökumətin əhəmiyyətli siyasətinə dəstək vermək əvəzinə, sabotaj edirlər”.